Beynəlxalq siyasi analitika platforması Project Syndicate (Procekt Sindikeyt), ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahudan siyasi olaraq uzaqlaşmağa başladığını yazıb. Analitiklərə görə, Trampın son açıqlamaları və Yaxın Şərqdə dəyişən balanslar, Vaşinqtonun Təl-Əvivə münasibətində dönüş nöqtəsinə işarə edir.
Redaksiya Project Syndicate-ə istinadən xəbər verir ki, Tramp administrasiyası illərlə dəstəklədiyi Yaxın Şərqdəki müttəfiqi ilə artıq məsafə saxlayır. Bunun əsas səbəbi kimi həmin rəhbərliyin Yaxın Şərq ilə bağlı sərt siyasəti və beynəlxalq hüququ pozan addımları göstərilir.
Məqalədə qeyd olunur ki, Tramp son zamanlar sülh çağırışları, atəşkəs təşəbbüsləri və diplomatik balans mövqeyi ilə çıxış edir. Bu isə onun Yaxın Şərq siyasətində tərəfsiz lider imici formalaşdırmaq niyyətinə uyğun gəlir.
“Tramp indi özünü sülh təşəbbüslərinin önündə gedən bir lider kimi təqdim edir. Nobel Sülh Mükafatına namizəd olma arzusunu reallaşdırmaq üçün reputasiya risklərindən uzaq durmaq istəyir.” – deyə məqalədə vurğulanır.
Analitiklər bildirirlər ki, bu məsafə təkcə etik və diplomatik yox, həm də seçki strategiyası baxımından rasional bir addımdır. ABŞ daxilində, xüsusilə gənc seçicilər və müsəlman icmalar arasında İsrailin mövcud siyasətinə qarşı narazılıq yüksəlməkdədir.
Tramp administrasiyası bu məlumatlara hələlik rəsmi reaksiya verməyib. Lakin müşahidəçilər yaxın günlərdə Yaxın Şərqdəki müttəfiqinə qarşı daha neytral və məsafəli ritorikanın artacağını gözləyir.
Sevinc Kərimova
