ABŞ texnologiya nəhəngləri Demokratlarla əlaqələri gücləndirirlər

ABŞ texnologiya nəhəngləri Demokratlarla əlaqələri gücləndirirlər

Könül Məmmədova · Media ·

Donald Tramp administrasiyası ilə sıx əlaqələri olan bir sıra ABŞ texnologiya şirkətlərinin noyabr aralıq seçkiləri ərəfəsində Demokratlarla münasibətləri gücləndirməyə başladığı bildirilir. Bu barədə The Wall Street Journal məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Meta, Palantir və digər şirkətlər Demokratların Konqresə nəzarəti ələ keçirməsi halında hökumətlə maliyyə və müqavilə əlaqələrinin araşdırılacağından ehtiyat edirlər. Şirkətlər mümkün çağırış vərəqələri, dinləmələr və parlament araşdırmalarına əvvəlcədən hazırlaşırlar.

Bu məqsədlə bəzi şirkət rəhbərlərinin Demokratlara yaxın təşkilatlara ianələri artırdığı, keçmiş Demokrat əməkdaşlarını işə götürdüyü və hüquqi-siyasi riskləri qiymətləndirən xüsusi komandalar yaratdığı bildirilir. Meta-nın Demokrat liderlərlə əlaqəli qeyri-kommersiya təşkilatlarına azı 10 milyon dollar ayırdığı, eyni zamanda Respublikaçılara yaxın qurumlara da oxşar məbləğdə dəstək verdiyi qeyd olunur.

Kalshi də keçmiş Demokrat əməkdaşlarını işə götürən şirkətlər arasındadır. Bu şirkət 2025-ci ilin yanvarında Donald Tramp kiçiki strateji müşavir təyin etmişdi və proqnoz bazarlarının tənzimlənməsi məsələsində Vaşinqtonla sıx işləyirdi.

Palantir-in vəziyyəti isə daha mürəkkəbdir. Şirkət Trampın ikinci prezidentlik dövründə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi, ICE və Pentaqonla iri müqavilələr əldə edib. Bununla yanaşı, bəzi Demokrat siyasətçilərin şirkətin immiqrasiya əməliyyatları və Qəzza ilə bağlı texnologiya istifadəsinə görə onun ianələrindən uzaq durduğu bildirilir.

Donald Tramp kiçik və Cared Kuşnerin biznes əlaqələri də artıq Konqres üzvlərinin diqqətindədir. Demokratlar aralıq seçkilərindən sonra Konqresdə çoxluq qazansalar, Tramp ailəsinin biznes fəaliyyətləri ilə bağlı daha geniş araşdırmalar başlada və şahid ifadələri tələb edə bilərlər.