ABŞ qüvvələrinə İran təhdidlərini vurmaq səlahiyyəti verildi

ABŞ qüvvələrinə İran təhdidlərini vurmaq səlahiyyəti verildi

Yulduz Səlimov · Media ·

ABŞ qüvvələrinin Hörmüz boğazındakı döyüş qaydalarının dəyişdirildiyi bildirilir. Yeni qaydalara əsasən, Amerika hərbçilərinə boğazdan keçən gəmilərə birbaşa təhlükə yaradan hədəflərə zərbə endirmək səlahiyyəti verilib.

Redaksiya Axios müxbiri Barak Ravidə istinadla xəbər verir ki, ABŞ qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus sürətli katerlər və İranın raket bazaları kimi birbaşa təhlükə sayılan obyektləri hədəfə ala biləcək.

Məlumata görə, qərar Hörmüz boğazında ticarət gəmilərinin keçidi ilə bağlı təhlükəsizlik risklərinin artması fonunda qəbul edilib. ABŞ tərəfi boğazdan keçən gəmilərə qarşı hücum və ya müdaxilə cəhdlərinin cavabsız qalmayacağını bildirir.

Hörmüz boğazı dünya enerji daşımaları üçün əsas marşrutlardan biri sayılır. Bölgədə ABŞ və İran arasında hərbi gərginliyin artması neft bazarları, beynəlxalq gəmiçilik və Körfəz ölkələrinin təhlükəsizliyi üçün ciddi risk yaradır.