6-8 saat yuxu qocalmanı ləngidə bilər

6-8 saat yuxu qocalmanı ləngidə bilər

Aytac Dəniz · Media ·

Yeni araşdırmaya görə, gündə 6-8 saat yatan insanlarda qocalma prosesinin daha yavaş getdiyi müəyyən edilib.

Redaksiya xəbər verir ki, alimlər 500 min insanın yuxu rejimini analiz edərək yuxu müddəti ilə orqanizmin bioloji yaşlanması arasında əlaqə aşkar ediblər.

Nəticələrə əsasən, həm 6 saatdan az, həm də 8 saatdan çox yuxu bədən sistemlərində qocalma prosesini sürətləndirə bilər.

Mütəxəssislər bildirirlər ki, yuxu çatışmazlığı immun sisteminin zəifləməsinə, əhvalın pisləşməsinə, diqqət və yaddaş problemlərinə, həmçinin depressiya riskinin artmasına səbəb ola bilər.

Həddindən artıq yuxu da sağlamlıq göstəriciləri ilə bağlı risk siqnalı kimi qiymətləndirilir. Alimlər bunu orqanizmdə mövcud olan metabolik, psixoloji və ya iltihabi problemlərlə əlaqələndirirlər.

Tədqiqatçılar sağlam yuxu üçün sabit yuxu rejimi, yatmazdan əvvəl ekran istifadəsinin azaldılması, kofein qəbuluna nəzarət və gecə 7 saat ətrafında keyfiyyətli istirahəti tövsiyə edirlər.

Araşdırma göstərir ki, yuxu yalnız enerji bərpası deyil, həm də immunitet, beyin fəaliyyəti, psixoloji sağlamlıq və bioloji yaşlanma üçün əsas faktorlardan biridir.