Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə başlayandan bəri ən böyük hərbi əsir mübadiləsinin həyata keçirilməsinin planlaşdırıldığını açıqlayıb. Onun sözlərinə görə, razılaşma nəticəsində Ukrayna hərbçiləri əsirlikdən azad edilərək vətənlərinə qayıdacaqlar.
Redaksiya xəbər verir ki, genişmiqyaslı əsir mübadiləsi məsələsi noyabrın 10–11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə keçirilən Rusiya–Ukrayna danışıqlarında müzakirə olunub.
Zelenski tərəflərin hər birinin 1000, hətta 1500 əsiri azad etməsi variantının nəzərdən keçirildiyini bildirib. Bununla belə, mübadiləyə daxil ediləcək şəxslərin yekun sayı hələ razılaşdırılmayıb.
Ukraynanın danışıqlar heyətinin rəhbəri Rüstəm Umerov və Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski genişmiqyaslı mübadilə barədə prinsipial razılığın əldə edildiyini təsdiqləyiblər.
ABŞ nümayəndəsi Cared Kuşner də planlaşdırılan mübadilənin müharibə dövründə ən böyük humanitar əməliyyatlardan biri ola biləcəyini açıqlayıb.
Qeyd edək ki, 2025-ci ilin mayında Ukrayna və Rusiya hər biri 1000 nəfər olmaqla ümumilikdə 2000 əsiri azad etmişdi. Yeni razılaşma daha çox şəxsi əhatə edərsə, əvvəlki rekord yenilənə bilər.
Hazırda əsir mübadiləsinin dəqiq tarixi və iştirakçıların yekun sayı açıqlanmayıb. Tərəflər razılaşmanın praktiki icrası üzərində işi davam etdirirlər.
