ABŞ-ın texnologiya nəhəngi Nvidia-nın Direktorlar Şurası şirkətin həmtəsisçisi və baş direktoru Censen Huanqı vəzifədən uzaqlaşdırmağa hazırlaşır. Buna səbəb onun şəxsi münasibətləri ətrafında yaranmış qalmaqal və mümkün kəşfiyyat əlaqələri ilə bağlı araşdırmadır. Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Direktorlar Şurası Huanqın şirkətdəki gələcəyini müəyyənləşdirmək üçün təcili iclas keçirməyi planlaşdırır. Nəşrin məlumatına görə, toplantının noyabrın 11-də keçirilməsi nəzərdə tutulub.
Huanqın vəzifədən uzaqlaşdırılması məsələsi onun nikahdankənar münasibətləri barədə məlumatların yayılmasından sonra gündəmə gəlib.
Nvidia rəhbəri daha əvvəl həyat yoldaşına xəyanət etdiyini etiraf edərək ailəsindən və şirkət əməkdaşlarından üzr istəyib.
İlk qalmaqal Huanqın Çin kəşfiyyatı ilə əlaqəli olduğundan şübhələnilən iş qadını Elis Huanqla münasibəti ətrafında yaranıb. ABŞ kəşfiyyatının şübhələri hələlik məhkəmə qaydasında sübuta yetirilməyib.
Daha sonra “The New York Times” Huanqın Nvidia-nın səhiyyə istiqaməti üzrə vitse-prezidenti Kimberli Pauellə də romantik münasibətinin olduğunu yazıb.
Yeni iddialar şirkətin korporativ idarəetmə qaydalarına mümkün ziddiyyətlər və rəhbərlik səviyyəsində maraqlar toqquşması ilə bağlı suallar yaradıb.
Qalmaqal Nvidia-nın birjadakı göstəricilərinə də təsir edib. Reuters agentliyinin məlumatına görə, Direktorlar Şurasının mümkün qərarı barədə xəbərlərdən sonra şirkətin səhmləri əsas ticarət sessiyasından sonrakı əməliyyatlarda təxminən 8 faiz ucuzlaşıb.
Şirkətin bazar dəyəri ilə bağlı narahatlıqlar Huanqın Nvidia-nın inkişafında oynadığı mühüm rolla da əlaqələndirilir.
O, 1993-cü ildə şirkətin yaradılmasından bəri baş direktor vəzifəsini icra edir və Nvidia-nın süni intellekt çipləri bazarındakı yüksəlişinin əsas simalarından biri hesab olunur.
Huanqın mümkün istefası şirkət rəhbərliyində ciddi dəyişikliklərə səbəb ola bilər. Bununla belə, onun yerinə kimin təyin ediləcəyi barədə rəsmi məlumat yoxdur.
Nvidia mümkün istefa ilə bağlı xəbərlərə dərhal münasibət bildirməyib.
Hazırda Censen Huanqın vəzifədən azad edilməsi barədə təsdiqlənmiş qərar açıqlanmayıb. Direktorlar Şurasının onun gələcəyini müzakirə etməyə hazırlaşdığı barədə məlumatlar WSJ-nin mənbələrinə əsaslanır.
