Skytrax 2026-cı ilin ən təmiz aviaşirkətlərini açıqlayıb

Skytrax 2026-cı ilin ən təmiz aviaşirkətlərini açıqlayıb

Fərid Əlizadə · Media ·

Tayvanın STARLUX Airlines aviaşirkəti 2026-cı ilin ən təmiz aviaşirkəti seçilib. Cəmi altı ildir fəaliyyət göstərən şirkət təyyarə salonlarının, oturacaqların və sanitar qovşaqların təmizliyinə görə dünyanın tanınmış hava yollarını geridə qoyub.

Redaksiya beynəlxalq aviasiya reytinq təşkilatı Skytrax-ın açıqlamasına istinadən xəbər verir ki, STARLUX Airlines “World Airline Awards 2026” mükafatlandırma mərasimində “Dünyanın ən təmiz aviaşirkəti” nominasiyasının qalibi olub.

Reytinqdə ikinci yeri Singapore Airlines, üçüncü yeri isə Yaponiyanın ANA All Nippon Airways şirkəti tutub. İlk beşliyi Hainan Airlines və Cathay Pacific Airways tamamlayıb.

2020-ci ilin yanvarında ilk kommersiya uçuşlarına başlayan STARLUX Airlines qısa müddətdə yüksək xidmət standartları ilə beynəlxalq aviasiya bazarında tanınmağa başlayıb.

Şirkət sərnişin rahatlığı ilə yanaşı, təyyarələrin daxili dizaynına və ekoloji yanaşmaya da xüsusi diqqət ayırır.

STARLUX təkrar emal olunmuş PET plastik butulkalardan hazırlanmış tekstil məhsullarından istifadə edir. Şirkətin dizayn konsepsiyasında dəniz qabıqlarından ilhamlanan elementlərə də yer verilir.

Aviaşirkətin təyyarələrində xüsusi hazırlanmış ətir tətbiq olunur. Bu, sərnişinlər üçün vahid və fərqləndirilən brend təcrübəsi yaratmaq məqsədi daşıyır.

Şirkətin Airbus A350 təyyarələrində birinci sinif sərnişinlərə ayrıca qapılarla təchiz edilmiş fərdi suitlər təqdim edilir. Bu bölmələrdə şəxsi qarderob, içki saxlama yeri və rahat istirahət üçün nəzərdə tutulan oturacaqlar mövcuddur.

Skytrax STARLUX Airlines-ı ardıcıl ikinci dəfə beşulduzlu aviaşirkət statusuna da layiq görüb.

Şirkətin baş direktoru Qlenn Çay mükafatları əməkdaşların xidmət keyfiyyətinə və təmizliyə göstərdiyi diqqətin nəticəsi kimi qiymətləndirib.

Qeyd edək ki, Skytrax-ın 2026-cı il üzrə ümumi reytinqində dünyanın ən yaxşı aviaşirkəti Singapore Airlines seçilib. Qatar Airways ikinci, Cathay Pacific Airways isə üçüncü yerdə qərarlaşıb.

STARLUX Airlines ümumi reytinqdə 13-cü yeri tutsa da, təmizlik kateqoriyasında lider olub.

Qiymətləndirmə 2025-ci ilin sentyabrından 2026-cı ilin avqustuna qədər aparılan beynəlxalq sərnişin məmnuniyyəti sorğusuna əsaslanıb. Sorğuda 100-dən çox ölkədən sərnişinlərin rəyləri nəzərə alınıb və 300-dən artıq aviaşirkət qiymətləndirilib.

Maraqlıdır ki, Skytrax Azərbaycan Hava Yollarını (AZAL) da 2026-cı ildə Mərkəzi Asiya və MDB regionunun ən təmiz aviaşirkəti elan edib.