Şimali Koreya lideri Kim Çen In Yapon dənizi sahilində inşa edilən strateji əhəmiyyətli hərbi dəniz bazasının tikinti sahəsinə baş çəkib. O, bazanın yaradılmasını ölkənin təhlükəsizliyi və suverenliyinin qorunması baxımından mühüm vəzifə adlandırıb. Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Kim Çen In tikinti işlərinin gedişi ilə tanış olub və hərbi obyektin gələcək fəaliyyəti ilə bağlı bir sıra göstərişlər verib.
Şimali Koreya lideri yeni bazanın ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm rol oynayacağını vurğulayıb. Onun sözlərinə görə, layihənin həyata keçirilməsi dövlətin təhlükəsizliyi və suverenliyinin müdafiəsi ilə birbaşa bağlıdır.
KCNA-nın məlumatına əsasən, Kim Çen In bazanın modernləşdirilməsi, çoxfunksiyalı imkanlarının artırılması və strateji hərbi vasitələrin yerləşdirilməsi ilə bağlı tapşırıqlar verib.
Agentlik bildirib ki, Şimali Koreya lideri hərbi dəniz bazasının gücləndirilərək möhkəm müdafiə istehkamına çevrilməsinin vacibliyini qeyd edib.
Kim Çen In səfər çərçivəsində Kanvon əyalətində inşa edilən yeni yaşayış məhəllələrinə də baxış keçirib.
Onu tikinti qərargahının məsul rəhbərləri, eləcə də ölkənin müxtəlif əyalətlərindən tikinti işlərinə cəlb edilmiş partiya dəstələrinin komandirləri qarşılayıblar.
Şimali Koreya lideri yaşayış obyektlərində aparılan işlərin gedişi ilə tanış olub.
Yeni hərbi dəniz bazasının tikintisinin nə vaxt başa çatacağı və obyektin texniki imkanları barədə əlavə məlumat açıqlanmayıb.
