Britaniya universitetləri süni intellektə qarşı yazılı imtahanlara qayıda bilər

Britaniya universitetləri süni intellektə qarşı yazılı imtahanlara qayıda bilər

Aytac Dəniz · Media ·

Böyük Britaniyada universitetlər tələbələrin süni intellektdən (Sİ) istifadə edərək akademik saxtakarlığa yol verməsinin qarşısını almaq üçün ənənəvi yazılı imtahanlara qayıda bilər. Bu barədə “The Financial Times” qəzeti İngiltərənin ali təhsil üzrə tənzimləyici qurumu olan Tələbələrlə İş üzrə Ofisin (OfS) məlumatlarına istinadən xəbər yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, OfS apardığı araşdırma nəticəsində süni intellekt texnologiyalarının tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi və ali təhsil diplomlarının etibarlılığı üçün ciddi risklər yaratdığı qənaətinə gəlib.

Tənzimləyici qurum universitetlərə auditoriyada keçirilən yazılı imtahanlardan, şifahi yoxlamalardan və təqdimatlardan daha geniş istifadə etməyi tövsiyə edib.

Məqsəd tələbələrin tapşırıqları tamamilə süni intellekt vasitəsilə yerinə yetirməsinin qarşısını almaq və onların real bilik və bacarıqlarını qiymətləndirməkdir.

OfS-in strategiya və icra üzrə direktoru bildirib ki, süni intellektin sürətlə yayılması mövcud ali təhsil sistemi üçün uzunmüddətli təhlükə yaradır.

“Bu, mövcud təhsil sistemi üçün bütöv bir nəslə təsir edə biləcək riskdir. Süni intellekt tələbələrin öyrənmə prosesini və universitetlərin onların biliklərini qiymətləndirmək imkanlarını zəiflədə bilər”, – deyə qurum rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, bu risklərin aradan qaldırılması üçün daha ciddi tədbirlər görülməli, o cümlədən süni intellektdən istifadə edilmədən aparılan qiymətləndirmə üsulları genişləndirilməlidir.

Araşdırmada tələbələrin süni intellektə münasibəti də diqqət çəkib.

Məlumata görə, bir çox tələbə yüksək qiymət almağın ən effektiv yollarından birinin süni intellektdən istifadə etmək olduğunu düşünür.

Bəzi tələbələr isə bu texnologiyadan istifadə etmədikləri halda digər tələbələrlə müqayisədə əlverişsiz vəziyyətə düşdüklərini hesab edirlər.

Tənzimləyici qurum belə vəziyyətin akademik rəqabətdə bərabərsizliyə səbəb ola biləcəyindən narahatdır.

OfS universitetlərə xəbərdarlıq edib ki, akademik saxtakarlığın qarşısını almaq üçün kifayət qədər tədbir görməyən ali təhsil müəssisələri maliyyə sanksiyaları ilə üzləşə bilərlər.

Bununla belə, söhbət universitetlərdə süni intellektdən istifadənin tamamilə qadağan edilməsindən deyil, tələbələrin biliklərinin müstəqil və etibarlı şəkildə qiymətləndirilməsindən gedir.

Təkliflər qəbul edilərsə, Britaniya universitetlərində ənənəvi auditoriya imtahanlarının və şifahi qiymətləndirmələrin rolu yenidən arta bilər.