Censen Huanq Nvidia-nın baş direktoru vəzifəsindən istefa verib

Censen Huanq Nvidia-nın baş direktoru vəzifəsindən istefa verib

Fərid Əlizadə · Media ·

ABŞ-ın texnologiya nəhəngi Nvidia-nın həmtəsisçisi Censen Huanq şirkətin prezidenti və baş direktoru vəzifələrindən istefa verib. O, həmçinin Direktorlar Şurasının üzvlüyündən ayrılıb. Bu barədə Nvidia şirkətinin rəsmi saytında məlumat yayımlanıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Nvidia-nın Direktorlar Şurası noyabrın 12-də Huanqın istefasının dərhal qüvvəyə mindiyini açıqlayıb.

Şirkətin icraçı vitse-prezidenti və maliyyə direktoru Kolet Kress müvəqqəti baş direktor təyin edilib. O, daimi rəhbər müəyyənləşdirilənədək maliyyə direktoru vəzifəsini də icra etməyə davam edəcək.

Direktorlar Şurası yeni baş direktorun seçilməsi prosesinə başlayıb. Namizədlər həm şirkətin daxilindən, həm də kənardan nəzərdən keçiriləcək.

Kolet Kress 2013-cü ilin sentyabrından Nvidia-da çalışır. O, şirkətin maliyyə idarəçiliyinə rəhbərlik edib və Nvidia-nın inkişafında mühüm rol oynayıb. Kress bundan əvvəl Cisco və Microsoft da daxil olmaqla, böyük texnologiya şirkətlərində təxminən 25 il maliyyə sahəsində fəaliyyət göstərib.

Rəhbərlikdəki dəyişikliklər çərçivəsində Harvi Cons Nvidia-nın Direktorlar Şurasının ilk sədri təyin olunub. Cons 30 ildən artıq texnologiya və investisiya təcrübəsinə malikdir.

Cons yeni rəhbərliyə tam etimad göstərildiyini bildirib.

“Kolet Nvidia-nın fövqəladə inkişaf dövründə şirkətin idarə olunmasında iştirak edib. O, biznesimizi, müştərilərimizi, əməliyyatlarımızı və maliyyə vəziyyətimizi dərindən anlayır”, – deyə Direktorlar Şurasının sədri vurğulayıb.

O, Nvidia-nın fəaliyyətinin, müştərilər qarşısındakı öhdəliklərinin və texnoloji inkişaf planlarının fasiləsiz davam edəcəyini açıqlayıb.

Kolet Kress isə Censen Huanqın 33 il ərzində yaratdığı təməl üzərində şirkətin inkişafını davam etdirəcəklərini bildirib.

“Nvidia-nın gücü həmişə əməkdaşlarında olub. Rəhbərlik komandamızla birlikdə Censenin yaratdığı möhkəm təməl üzərində irəliləməyə sadiqəm”, – deyə Kress qeyd edib.

Şirkət Huanqın Nvidia-nın inkişafına və texnologiya sənayesinə verdiyi töhfələri yüksək qiymətləndirərək ona təşəkkür edib.

Qeyd edək ki, Censen Huanq 1993-cü ildə Nvidia-nın yaradıcılarından biri olub və həmin vaxtdan şirkətin baş direktoru vəzifəsini icra edib.

Nvidia istefanın konkret səbəbini rəsmi açıqlamasında göstərməyib.

Şirkət həmçinin 2027-ci maliyyə ilinin üçüncü rübü üzrə maliyyə nəticələrinin əvvəlcədən planlaşdırıldığı kimi noyabrın 17-də açıqlanacağını təsdiqləyib.