Yunanıstan və Fransanın kabel marşrutu skandalı böyüyür

Yunanıstan və Fransanın kabel marşrutu skandalı böyüyür

Könül Məmmədova · Media ·

Yunanıstan Krit və Kipri birləşdirməsi nəzərdə tutulan Great Sea Interconnector sualtı elektrik kabeli layihəsini Fransa ilə sıx əməkdaşlıq şəraitində davam etdirmək niyyətindədir. Afinada eyni zamanda kabelin marşrutunun qismən dəyişdirilməsi və Kritin cənubunda və qərbində ərazi sularının 12 dəniz milinədək genişləndirilməsi variantları nəzərdən keçirilir. Bu barədə Kathimerini qəzeti məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis beynəlxalq dəniz hüququna əsasən sualtı elektrik bağlantılarının həyata keçirilməsi üçün başqa bir ölkənin icazəsinin tələb olunmadığını bildirib. Onun sözlərinə görə, Türkiyədən icazə istənilməyəcək, lakin təhlükəsiz naviqasiya və fəaliyyətlərin koordinasiyası məqsədilə Ankara məlumatlandırıla bilər.

Yerapetritis Türkiyə ilə fikir ayrılıqlarının güc nümayişi və ya zor tətbiqi ilə deyil, beynəlxalq hüquq qaydaları əsasında həll edilməli olduğunu vurğulayıb. Nazir həmçinin Yunanıstanın milli mövqelərinə hörmət tələb etdiyini və Afinanın birtərəfli şəkildə yaradılan faktiki vəziyyətləri qəbul etməyəcəyini bildirib.

Kathimerini-nin məlumatına görə, Afina və Paris Türkiyənin avqustun 15-də Kastellorizo yaxınlığında elan etdiyi Fethiye-Kaş dəniz parkının əhatə etdiyi ərazilərdən yayınmaq üçün kabel marşrutunda məhdud dəyişiklik imkanını müzakirə edir. Məqsəd Türkiyənin həmin ərazidə fəaliyyətlərə tam qadağa qoymaq səlahiyyətinə malik olduğu barədə iddia irəli sürməsi riskini azaltmaqdır.

Layihədə Fransanın rolu son aylarda əhəmiyyətli dərəcədə artıb. Fransanın Meridiam şirkəti avqustda Great Sea Interconnector layihəsinin 66 faizlik nəzarət paketini əldə edib, Nexans isə kabelin istehsalı və çəkilməsi prosesində iştirak edir. Dəniz dibinin araşdırılması üçün nəzərdə tutulan gəminin də Fransa bayrağı altında fəaliyyət göstərməsi planlaşdırılır.

Kabel marşrutu üzrə dəniz dibi tədqiqatlarının təxminən 40 faizi hələ tamamlanmayıb. 2024-cü ilin iyulunda Kasos və Karpatos adaları yaxınlığında aparılan tədqiqatlar Türkiyə hərbi gəmilərinin müdaxiləsindən sonra dayandırılmışdı. Yeni tədqiqatların nə vaxt başlanacağı hələ dəqiq müəyyən edilməyib.