“YouTube” onlayn alış-veriş üçün “Amazon”la tərəfdaşlığa başlayıb

“YouTube” onlayn alış-veriş üçün “Amazon”la tərəfdaşlığa başlayıb

Aytac Dəniz · Texnologiya ·

“YouTube” elektron ticarət imkanlarını genişləndirmək məqsədilə “Amazon”la tərəfdaşlıq qurub.

Əməkdaşlıq çərçivəsində kontent yaradıcıları videolarında və canlı yayımlarında “Amazon” məhsullarını birbaşa işarələyə və satışlardan komissiya əldə edə biləcəklər.

“YouTube Shopping”in rəhbəri Trevis Kats bildirib ki, elektron ticarət “Alphabet”in əsas strateji inkişaf istiqamətlərindən birinə çevrilir.

Onun sözlərinə görə, video məzmun insanların alış-veriş vərdişlərini dəyişib və istehlakçılar məhsul seçərkən kontent yaradıcılarının tövsiyələrinə getdikcə daha çox üstünlük verirlər.

“YouTube Shopping”in ümumi mal dövriyyəsi 2024-cü ilin birinci rübündən 2026-cı ilin eyni dövrünədək dünya üzrə 13 dəfə artıb.

Hazırda platformada gəlir əldə edə bilən təxminən 3 milyon kontent yaradıcısının 1 milyondan çoxu alış-veriş proqramında iştirak edir.

Yeni tərəfdaşlıq “YouTube”a bu sahədə əsas rəqiblərindən olan “TikTok”la rəqabəti gücləndirməyə imkan verəcək. “TikTok” “Amazon”la analoji əməkdaşlığa iki il əvvəl başlamışdı.