Proqramlaşdırma və kibertəhlükəsizlik istiqamətləri üzrə “DIGITAL CHALLENGE AZERBAIJAN” yarışına qeydiyyat başladı

Proqramlaşdırma və kibertəhlükəsizlik istiqamətləri üzrə “DIGITAL CHALLENGE AZERBAIJAN” yarışına qeydiyyat başladı

Aytac Dəniz · Texnologiya ·

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə “Rəqəmsal İstedadlar” layihəsi çərçivəsində proqramlaşdırma və kibertəhlükəsizlik sahələrini əhatə edən “DIGITAL CHALLENGE AZERBAIJAN” yarışının qeydiyyat mərhələsinə start verilib.

“DIGITAL CHALLENGE AZERBAIJAN” yarışı ölkədə proqramlaşdırma və kibertəhlükəsizlik üzrə yüksək potensiala malik mütəxəssislərin müəyyənləşdirilməsi, onların bilik və bacarıqlarının üzə çıxarılması və inkişaf etdirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayacaq. Eyni zamanda, layihə rəqəmsal sahələrə marağın artırılmasına, gənclərin bu istiqamətlər üzrə peşəkar inkişafının təşviqinə və əmək bazarının tələblərinə uyğun rəqəmsal kadr potensialının gücləndirilməsinə töhfə verəcək.

Yarış iştirakçılara bilik və bacarıqlarını praktiki tapşırıqlar üzərində sınamaq, texniki hazırlıq səviyyələrini qiymətləndirmək və real iş mühitinə yaxın ssenarilər əsasında təcrübə qazanmaq şansı verəcək. Yarışda proqramlaşdırma və kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlara malik, bu istiqamətlərdə öz potensialını nümayiş etdirmək istəyən 17 yaşdan yuxarı Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Yarış proqramlaşdırma və kibertəhlükəsizlik olmaqla iki istiqaməti əhatə edəcək.

Proqramlaşdırma istiqamətində iştirakçıların proqramlaşdırma və proqram mühəndisliyi üzrə texniki bilikləri, kodun hazırlanması və optimallaşdırılması, alqoritmik və məntiqi düşüncə, eləcə də müasir proqramlaşdırma prosesində süni intellekt alətlərindən səmərəli istifadə bacarıqları qiymətləndiriləcək. Bu istiqamət üzrə yarış fərdi formatda və Azərbaycan dilində baş tutacaq.  

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və Technion Texnologiya İnstitutunun birgə əməkdaşlığı ilə keçiriləcək kibertəhlükəsizlik yarışında iştirakçılar CTF (Capture The Flag), Hackathon və Azərbaycanda ilk dəfə tətbiq olunacaq Cyber War formatlarında mübarizə aparacaqlar. Bu istiqamət üzrə iştirakçıların kibertəhlükəsizlik ssenariləri əsasında praktiki tapşırıqların icrası, texniki problemlərin təhlili və həlli, eləcə də komanda daxilində effektiv ünsiyyət bacarıqları qiymətləndiriləcək. Kibertəhlükəsizlik üzrə yarış komanda formatında ingilis dilində keçiriləcək.

Yarış üç mərhələdən ibarət olacaq. Finalda hər iki istiqamət üzrə seçim mərhələlərini uğurla başa vuran komandalar arasından ayrı-ayrılıqda 3 qalib müəyyən ediləcək. Yarışın final mərhələsi oktyabrın 24-də “Digital Challenge və İKT sərgisi” çərçivəsində baş tutacaq. Beləliklə, iştirakçılar rəqəmsal sahədə fəaliyyət göstərən potensial işəgötürənlərlə birbaşa əlaqə qurmaq, mövcud vakansiya və karyera imkanları ilə tanış olmaq imkanı qazanacaqlar.

Hər bir iştirakçı yalnız bir istiqamət üzrə qeydiyyatdan keçə bilər. Qeydiyyat 30 sentyabradək davam edəcək. 

 

Qeydiyyat tarixi: 01.09.2026 – 30.09.2026

Qeydiyyat linki: https://forms.cloud.microsoft/r/QA0giUSnw6