Hindistanda süni intellekt agentlərinin istifadəçinin hər əməliyyatı ayrıca təsdiqləməsinə ehtiyac qalmadan kiçik rəqəmsal ödənişlər həyata keçirməsinə imkan verəcək yeni mexanizm hazırlanır.
Reuters-in məlumatına görə, Hindistanın ödəniş infrastrukturu üzərində çalışan qurumlar belə bir sistem üçün çərçivə hazırlayırlar və məqsəd süni intellekt agentlərinin ölkənin geniş istifadə olunan UPI ödəniş şəbəkəsindən müstəqil şəkildə istifadə edə bilməsinə şərait yaratmaqdır.
Yeni texnologiyanın tətbiqi ilə süni intellekt agenti istifadəçinin verdiyi tapşırıq əsasında müəyyən ödənişləri özü həyata keçirə biləcək. Məsələn, istifadəçi süni intellektə konkret məhsul və ya xidmət üçün ödəniş etməyi tapşıra bilər və sistem hər dəfə ayrıca təsdiq tələb etmədən əvvəlcədən müəyyən edilmiş məbləğ və şərtlər çərçivəsində əməliyyatı tamamlaya bilər. Bu, süni intellektin sadəcə məsləhət verən proqramdan real maliyyə əməliyyatları həyata keçirən rəqəmsal agentə çevrilməsi baxımından mühüm mərhələ hesab olunur.
