ABŞ-İsrail müharibəsinin İranla yaratdığı enerji böhranı ABŞ-da benzin qiymətlərini artırıb və bu, restoran xərclərinə də mənfi təsir göstərib. Nəqliyyat xərclərinin yüksəlməsi amerikalı istehlakçıları qeyri-zəruri xərcləri azaltmağa məcbur edir.
Redaksiya Reuters-ə istinadla xəbər verir ki, ABŞ-da bir sıra restoran şəbəkələri, o cümlədən Wingstop və Domino’s son rübdə gözləntilərdən zəif satış artımı qeydə alıb. Şirkətlər bunu yanacaq qiymətlərinin yüksəlməsi və istehlakçıların büdcələrini daha ehtiyatla idarə etməsi ilə əlaqələndirirlər.
GasBuddy məlumatlarına görə, ABŞ-da benzinin orta qiyməti bir qallon üçün 4,43 dollara yüksəlib. Kaliforniya kimi bəzi ştatlarda qiymətlər 6 dolları keçib ki, bu da xüsusilə aşağı və orta gəlirli istehlakçıların restoran xərclərini azaltmasına səbəb olub.
Wingstop eyni mağaza satışlarında 8,7 faiz azalma qeydə alıb. Şirkətin rəhbərliyi bildirib ki, yüksək benzin qiymətləri müştəri davranışına ciddi təsir göstərib və il ərzində satışların zəif qalması ehtimalı var.
Domino’s isə ABŞ üzrə eyni mağaza satışlarında cəmi 0,9 faiz artım göstərib və illik satış proqnozunu aşağı salıb. Analitiklər Shake Shack və Jack in the Box kimi digər restoran şəbəkələrində də oxşar zəifləmə gözləyirlər.
Ekspertlər bildirirlər ki, benzin qiymətləri 4 dollar həddini keçdikdə restoranlara səfərlər azalır. İstehlakçılar yanacaq və əsas xərclərə daha çox pul ayırdıqca, yemək sifarişi və restoran ziyarətləri kimi xərclər ilk ixtisar olunan sahələrdən birinə çevrilir.
