Yalançı ANCA ATƏT-in Minsk Qrupunun ləğvini pislədi, Bakını ittiham etdi

Yalançı ANCA ATƏT-in Minsk Qrupunun ləğvini pislədi, Bakını ittiham etdi

Sevinc Kərimova · Siyasət ·

ABŞ-dakı Erməni Milli Komitəsi (ANCA) ATƏT-in Minsk Qrupunun ləğvini kəskin şəkildə pisləyərək, bu addımın Cənubi Qafqazda ədalətli və davamlı sülhün təmin olunması üçün çoxşaxəli diplomatik səylərə zərbə vurduğunu bildirib. Təşkilatın icraçı direktoru Aram Hamparyan bəyan edib ki, qərar Azərbaycanın “təzyiq və güc yolu ilə birtərəfli razılaşmanı irəli aparmaq” cəhdi kimi qiymətləndirilməlidir.

Redaksiya ANCA-ya istinadla xəbər verir ki, bəyanatda Bakı “etnik təmizləmə”, “erməni əsirlərin qeyri-qanuni saxlanılması və işgəncəsi”, eləcə də “Ermənistana məxsus ərazilərin işğalı”nda ittiham edilib. Komitə ABŞ rəhbərliyini Cənubi Qafqazda sülhün ədalət və hesabatlılıq əsasında təmin olunması üçün fəal rol oynamağa çağırıb.

ANCA həmçinin FREEDOM Support Act qanununun 907-ci bölməsinin tətbiqinə, qlobal sanksiyaların genişləndirilməsinə, Qarabağ ermənilərinin qayıdışına, saxlanılanların azad olunmasına və mədəni irsin qorunmasına dəstək tələb edib.

Təşkilat əlavə edib ki, Minsk Qrupunun olmaması şəraitində çoxşaxəli beynəlxalq vasitəçilik mexanizmlərinin gücləndirilməsi “əvəzolunmaz”dır. Onların fikrincə, yalnız “qərəzsiz və prinsipial beynəlxalq səylər” Cənubi Qafqazda “ədalətli və real sülh”ü təmin edə bilər.

Minsk Qrupu 1992-ci ildə yaradılmış və ABŞ, Fransa və Rusiya tərəfindən həmsədrlik edilmişdi. Onun ləğvi 8 avqustda ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Ermənistan-Azərbaycan razılaşmasından sonra elan olunub. ANCA bu paketi kəskin şəkildə tənqid edərək, “ədalətsiz, Ermənistanın suverenliyini zəiflədən və Azərbaycanın aqressiyasını mükafatlandıran” bir saziş adlandırıb.

Sevinc Kərimova