“Xalq Bank” ASC 2025-ci ilin nəticələri üzrə səhmdarlarına 25 milyon 12,8 min manat dividend ödəyib.
Redaksiya bu barədə bankdan məlumat əldə edib.
Məlumata görə, bankın hər səhmi üzrə dividend 6,89 manat təşkil edib. Bankın dövriyyədə olan adi səhmlərinin sayı 3 milyon 630 min 300 ədəd olub.
Müqayisə üçün, 2024-cü ildə “Xalq Bank” səhmdarlarına 60 milyon 81,5 min manat və ya hər səhmə 16,55 manat dividend ödəmişdi. Beləliklə, bankın dividend ödənişləri bir il ərzində 35 milyon 68,7 min manat və ya 58,4% azalıb. Hər səhm üzrə dividend də 16,55 manatdan 6,89 manata düşüb.
“Xalq Bank”ın səhmdarları üç hüquqi şəxsdir. Bankın 50%-i və ya 1 milyon 815 min 150 səhmi “İdeal Biznes Ko” MMC-yə, 33,85%-i və ya 1 milyon 228 min 742 səhmi “Veyro Standard” MMC-yə, 16,15%-i və ya 586 min 408 səhmi “FOTON” MMC-yə məxsusdur.
Səhmlərin sayına əsasən, 2025-ci ildə ödənilən dividendin təxminən 12,51 milyon manatı “İdeal Biznes Ko” MMC-yə, 8,47 milyon manatı “Veyro Standard” MMC-yə, 4,04 milyon manatı isə “FOTON” MMC-yə düşüb.
2024-cü ildə isə həmin səhmdarların payına müvafiq olaraq təxminən 30,04 milyon manat, 20,34 milyon manat və 9,71 milyon manat dividend düşmüşdü. Səhmdar strukturu dəyişmədiyindən hər üç şirkətin dividend gəliri 2025-ci ildə əvvəlki illə müqayisədə eyni nisbətdə — təxminən 58,4% azalıb.
Maraqlıdır ki, dividend ödənişlərinin azalması bankın mənfəətinin artdığı dövrə təsadüf edib. “Xalq Bank” 2025-ci ili 67,16 milyon manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə bu göstərici 56,86 milyon manat idi. Beləliklə, bankın xalis mənfəəti təxminən 18,1% artsa da, səhmdarlara ödənilən dividend 58%-dən çox azalıb.
Qeyd edək ki, 2025-ci il üzrə elan edilən 25,013 milyon manat dividend hesabat dövründə tam ödənilib. ( Plat.az)

“Xalq Bank”ın səhmdarları bankdan nə qədər qazanır? - Rəqəmlər
Aytac Dəniz · İqtisadiyyat ·