X sosial şəbəkəsi Yəməndə husilərin hərbi sözçüsü briqada generalı Yəhya Səriyə məxsus hesabı dayandırıb. Hesab husilərin hərbi əməliyyatları və hücumları ilə bağlı bəyanatların yayımlandığı əsas platformalardan biri kimi istifadə olunurdu. Bu barədə bir sıra media qurumları məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Yəhya Sərinin hesabının dayandırılması ilə yanaşı, husilərin yüksək vəzifəli siyasi rəsmilərindən Məhəmməd əl-Buxeytinin hesabının da bloklandığı bildirilib. X platforması konkret olaraq hansı paylaşım və ya qayda pozuntusunun bu qərara səbəb olduğunu açıqlamayıb.
Yəhya Sərinin hesabı daha əvvəl də müxtəlif dövrlərdə platforma tərəfindən dayandırılmışdı. Onun ehtiyat hesablarından istifadə etdiyi və husilərin hərbi əməliyyatları ilə bağlı açıqlamalarını alternativ kanallar vasitəsilə yaymağa davam etdiyi bildirilir.
Səri husilərin İsrail, ABŞ və regiondakı digər hədəflərlə bağlı hərbi əməliyyatlarını ictimaiyyətə açıqlayan əsas simalardan biridir. Onun sosial media hesabları uzun müddətdir qruplaşmanın hərbi bəyanatlarının yayılmasında mühüm rol oynayır.
