ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfəri zamanı onun həyatına mümkün təhdidlə bağlı məlumatların İsrail kəşfiyyat mənbələrindən daxil olduğu bildirilir. ABŞ rəsmiləri Trampa qarşı mümkün İran təhlükəsi barədə kəşfiyyat məlumatlarının mövcudluğunu təsdiqləyiblər. Bu barədə The Washington Post məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, nəşrə danışan ABŞ rəsmisi İsrailin Trampın mümkün hədəfə çevrilməsi barədə məlumat paylaşmasının yalnız təhlükəsizlik məqsədi daşımadığını bildirib. Rəsminin qiymətləndirməsinə görə, bu addım Trampın qərarlarına və onun regionla bağlı siyasətinə təsir göstərmək məqsədi də daşıya bilərdi.
Trampın iyul ayında Türkiyədə keçirilən NATO sammitindən ayrılması zamanı təhlükəsizlik tədbirləri ciddi şəkildə gücləndirilmişdi. ABŞ tərəfi mümkün hücum təhlükəsi səbəbindən prezidentin əsas təyyarədən gizli şəkildə başqa hərbi təyyarəyə keçirildiyini bildirib. Tramp sonradan bu addımın Məxfi Xidmət və hərbçilərin göstərişi ilə atıldığını təsdiqləyib.
Məlumata görə, İsrail daha əvvəl də ABŞ rəsmilərinə Trampın İranla əlaqəli qüvvələr tərəfindən hədəfə alına biləcəyinə dair kəşfiyyat məlumatları təqdim edib. Vaşinqtonda isə İsrailin bu cür məlumatları paylaşarkən təhlükəsizliklə yanaşı ABŞ-nin Yaxın Şərq siyasətinə təsir göstərməyə çalışıb-çalışmadığı ilə bağlı müzakirələr yaranıb.
