ABŞ vitse-prezidenti Cey Di Vens Ukrayna Prezidenti Volodimir Zelenskidən Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna zərbələri dayandırmağı şəxsən tələb edib. Bu barədə Financial Times nəşri məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Vens bu tələbi iyulun 31-də Zelenski ilə telefon danışığı zamanı səsləndirib. Nəşrin məlumatına görə, həmin tarixdən sonra bu cür zərbələr həyata keçirilməyib. Financial Times-ın Ukraynadakı mənbəsi bildirib ki, Kiyev amerikalı tərəfdaşlarının mövqeyini diqqətlə nəzərə alır.
Digər mənbənin sözlərinə görə, Kiyev hücumları dayandırmağa ABŞ-dan Patriot hava hücumundan müdafiə sistemləri üçün raket tutucularının istehsalına dair lisenziya əldə etmək məqsədilə razılaşıb. Cey Di Vens və Volodimir Zelenskinin ofisləri məsələ ilə bağlı sorğuları şərh etməyib.
Nəşr həmçinin ABŞ-ın Şevron və EksonMobil şirkətlərinin Xəzər Boru Kəməri Konsorsiumundakı paylarına diqqət çəkib. İyul ayında Ukraynanın hücumlarından biri zamanı EksonMobil ilə əlaqəli tankerə ziyan dəydiyi bildirilir.
