Kanadada ABŞ səfirinin ölkədən çıxarılması tələb olunur

Kanadada ABŞ səfirinin ölkədən çıxarılması tələb olunur

Sevinc Kərimova · Media ·

Kanadada ABŞ-nin Ottavadakı səfiri Pit Hukstranın ölkədən çıxarılması tələbi ilə başladılan petisiyaya 60 minə yaxın insan qoşulub. Səfir Kanada siyasətinə müdaxilə etməkdə və ölkənin ABŞ-a birləşdirilməsi ideyasını legitimləşdirməkdə ittiham olunur.

Redaksiya xəbər verir ki, petisiya Kalqaridə yaşayan bir vətəndaş tərəfindən başladılıb və payızda Kanada İcmalar Palatasına təqdim olunması planlaşdırılır. Sənəddə Hukstranın diplomatik protokollara zidd açıqlamalar verdiyi və Kanada-ABŞ münasibətlərinə zərər vurduğu bildirilir.

Narazılığın əsas səbəblərindən biri Hukstranın iyunda Kanadanın ABŞ tərəfindən ilhaq edilməsinin Baş nazir Mark Karni ilə ABŞ Prezidenti Donald Tramp arasında müzakirə oluna biləcək "əla mövzu" olduğunu deməsidir. Tramp daha əvvəl də Kanadanın ABŞ-nin 51-ci ştatına çevrilməsi ideyasını gündəmə gətirmişdi.

Hukstra bundan başqa Kanadadakı seçki kampaniyasında istifadə edilən ABŞ əleyhinə ritorikanı tənqid edib. O, Tramp administrasiyasının Kanada mallarına tətbiq etdiyi tariflərin "ticarət müharibəsi" adlandırılmasına, kanadalı siyasətçilərin ABŞ-a səfər etməmək çağırışlarına və Amerika içkilərinin mağaza rəflərindən yığışdırılmasına da etiraz edib.

Kanada Yaşıllar Partiyasının lideri Elizabet Mey petisiyanı parlamentə təqdim etməyə hazırlaşır. Petisiyada hökumətdən Pit Hukstranın rəsmi şəkildə ölkədən çıxarılması və ABŞ-nin Kanada siyasətinə mümkün diplomatik müdaxiləsini araşdırmaq üçün parlament komitəsinin yaradılması tələb olunur.

Hukstra isə öz vəzifəsinin ABŞ Prezidentinin mövqeyini təmsil etmək olduğunu bildirib. ABŞ-nin Ottavadakı səfirliyi petisiyadan xəbərdar olduğunu açıqlasa da, kampaniya ilə bağlı şərh verməyib.