Ukrayna səfiri müharibə itkilərinin 600 milyard dolları keçdiyini bildirib

Ukrayna səfiri müharibə itkilərinin 600 milyard dolları keçdiyini bildirib

Sevinc Kərimova · Media ·

Ukraynanın Macarıstandakı səfiri Fyodor Şandor Rusiyanın başladığı müharibə nəticəsində ölkəyə dəyən ümumi zərərin 600 milyard dolları keçdiyini bildirib. Onun sözlərinə görə, rəsmi uçota alınmış birbaşa zərər 200 milyard dollardan çoxdur, lakin nəqliyyat, energetika, anbar infrastrukturu və digər sahələr nəzərə alındıqda məbləğ xeyli yüksəlir. Bu barədə Şandor InfoRadio-ya müsahibəsində danışıb.

Redaksiya istinadla xəbər verir ki, səfir yaşayış fonduna dəyən zərərin 90 milyard dollardan, dağıdılmış sənaye obyektlərinin dəyərinin isə 60 milyard dollardan çox olduğunu bildirib. Nəqliyyat infrastrukturu üzrə itkilər 96 milyard dollar, energetika sektorundakı zərər isə 100 milyard dollardan artıq qiymətləndirilir.

Şandor qeyd edib ki, bu rəqəmlər hər gün artır və mədəni irsə dəyən itkilərin bir hissəsini maliyyə baxımından qiymətləndirmək ümumiyyətlə mümkün deyil. Dünya Bankı, Ukrayna hökuməti, Avropa Komissiyası və BMT-nin 2026-cı ilin fevralında açıqladığı qiymətləndirmədə isə Ukraynanın növbəti 10 il üçün bərpa və yenidənqurma ehtiyacları 588 milyard dollar, birbaşa fiziki zərər 195 milyard dollar, sosial-iqtisadi itkilər isə 667 milyard dollar səviyyəsində göstərilib.

Ukrayna-Macarıstan münasibətlərindən danışan səfir Budapeşt üçün "hədiyyə" hazırlandığını da bildirib. O, hədiyyənin nədən ibarət olduğunu açıqlamayıb, lakin iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması və yüksək səviyyəli siyasi təmasların davam etdirilməsi istiqamətində iş aparıldığını qeyd edib.