ABŞ Avropa üçün ayrılmış hərbi yardımı Latın Amerikasına yönəldir

ABŞ Avropa üçün ayrılmış hərbi yardımı Latın Amerikasına yönəldir

Nizami Salmanov · Media ·

ABŞ Prezidenti Donald Tramp administrasiyası Avropa və Yaxın Şərqin bir sıra ölkələri üçün nəzərdə tutulan 52 milyon dollarlıq hərbi yardımı Panama, Peru, Ekvador və Kolumbiyaya yönəltmək qərarına gəlib. Vəsaitlərin bir hissəsi Slovakiya və Şimali Makedoniyanın müdafiə imkanlarını gücləndirməklə yanaşı, dolayı şəkildə Ukraynaya dəstək məqsədi daşıyırdı. Bu barədə The Washington Post məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, vəsaitlər əvvəlcə Slovakiya, Şimali Makedoniya, Tunis və İraq üçün ayrılmışdı. Konqresdə demokratların etirazlarına baxmayaraq, administrasiya bu pulların Latın Amerikası ölkələrinə verilməsini ABŞ-ın Qərb yarımkürəsində təhlükəsizlik siyasətinin və narkotik qaçaqmalçılığına qarşı mübarizənin prioritetləşdirilməsi ilə əsaslandırır.

The Washington Post-un məlumatına görə, Slovakiya və Şimali Makedoniya üçün nəzərdə tutulan proqramlar Rusiyanın Ukraynaya qarşı müharibəsinin təsirinə məruz qalan Avropa ölkələrinin müdafiə imkanlarını gücləndirmək üçün təsdiqlənmişdi. ABŞ Dövlət Departamenti isə yeni istiqamətin Tramp administrasiyasının xarici siyasət prioritetlərinə daha uyğun olduğunu bildirir.

İraq və Tunis üçün ayrılmış vəsaitlərin hüquqi bazası fərqli olduğundan onların başqa istiqamətə yönəldilməsi Konqresin həmin vəsaitlərə tətbiq etdiyi məhdudiyyətlərdən kənarda qalıb. Qərar İranla müharibə və ABŞ qüvvələrinin İraqdan çıxarılması fonunda bu ölkələrin təhlükəsizlik ehtiyaclarının artdığı bir vaxtda verilib.

Ukraynanın maliyyələşdirilməsi ilə bağlı Avropada da müzakirələr davam edir. Kiyev Avropa İttifaqından 90 milyard avroluq kredit paketinin bir hissəsinin vaxtından əvvəl ayrılmasını istəyib. Aİ rəsmiləri ilkin olaraq belə bir sürətləndirmənin dərhal mümkün olmadığını bildirsələr də, oktyabrın 1-də tərəflər Ukraynanın 2026-cı il büdcə və müdafiə ehtiyaclarının maliyyələşdirilməsi üçün kifayət qədər resurs müəyyən edildiyini açıqlayıblar.