Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti Şimali Koreya lideri Kim Çen Inın çəkisinin təxminən 140 kiloqram civarında olduğunu və onun ağır piylənmə kateqoriyasına aid edildiyini bildirib. Kəşfiyyat qurumu onun ürək-damar xəstəlikləri baxımından yüksək risk qrupunda olduğunu qiymətləndirir. Bu barədə KBS və AFP məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, məlumat Cənubi Koreya parlamentinin Kəşfiyyat Komitəsinin qapalı iclasından sonra deputatlar tərəfindən açıqlanıb. Milli Kəşfiyyat Xidmətinin qiymətləndirməsinə görə, Kim Çen Inın çəkisi yüksək olsa da, hazırda onun səhhətində ciddi problemə işarə edən nəzərəçarpan əlamətlər müşahidə edilmir.
Kəşfiyyat xidməti Şimali Koreya liderinin fiziki fəaliyyət zamanı ciddi çətinlik çəkmədiyini də qeyd edib. Bildirilib ki, Kim Çen In xüsusi tibbi heyətin daimi nəzarəti altındadır. Buna görə onun sağlamlığı ilə bağlı açıqlanan məlumatlar tibbi diaqnoz deyil, Cənubi Koreya kəşfiyyatının əldə etdiyi məlumatlara əsaslanan qiymətləndirmədir.
Kim Çen Inın uzun müddətdir siqaret çəkdiyi məlumdur. Onun atası Kim Çen İr və babası Kim İr Sen də ürək xəstəliklərindən əziyyət çəkib və ürək tutması nəticəsində vəfat ediblər. Cənubi Koreya kəşfiyyatı bu ailə tarixçəsini də Kim Çen In üçün ürək-damar xəstəlikləri riskini artıran amillərdən biri kimi göstərir.
