Suriya hökumətinin nümayəndələri ilə Hizbullah rəsmiləri Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra ilk dəfə üz-üzə görüş keçiriblər. Görüş sentyabr ayında Türkiyədə gizli şəkildə baş tutub və tərəflər arasında gərginliyin azaldılması məqsədi daşıyıb. Bu barədə Reuters altı mənbəyə istinadla məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, görüş Türkiyənin təhlükəsizlik və kəşfiyyat qurumlarının təşəbbüsü ilə təşkil olunub. Danışıqlarda Suriya kəşfiyyatının və Xarici İşlər Nazirliyinin nümayəndələri, eləcə də Hizbullah təmsilçiləri iştirak ediblər.
Görüş zamanı Dəməşq Hizbullahı Livanda tərksilah etmək məqsədilə hərbi müdaxilə etməyəcəyini bildirib. Bunun müqabilində Suriya tərəfi Hizbullahdan sərhəddən silah qaçaqmalçılığının qarşısının alınmasına yardım göstərməyi və xüsusilə ölkənin cənubunda qalan gizli hüceyrələrini ləğv etməyi istəyib.
Reuters-in mənbələrinə görə, Hizbullah nümayəndələri silah qaçaqmalçılığı və Suriyadakı hüceyrələrlə bağlı tələbə birbaşa cavab verməyiblər, lakin Suriyanın daxili işlərinə müdaxilə etməyəcəklərinə söz veriblər. Tərəflər təhlükəsizlik məsələlərində müəyyən irəliləyiş əldə etsələr də, yekun razılaşma əldə olunmayıb.
Reuters xəbəri dərc etdikdən sonra Suriya hökumətinin ingilisdilli rəsmi hesabı belə bir görüşün keçirildiyini təkzib edib. Hizbullah isə məsələ ilə bağlı şərh verməyib.
