ABŞ administrasiyası Almaniya və Fransanı fövqəladə dizel ehtiyatlarının bir hissəsini bazara buraxmağa çağırıb və bunun baş verməyəcəyi halda ABŞ-dan dizel ixracına məhdudiyyət tətbiq edilə biləcəyi barədə xəbərdarlıq edib. Vaşinqtonun məqsədi qlobal yanacaq qiymətlərini aşağı salmaq və bazardakı təchizat çatışmazlığını yumşaltmaqdır. Bu barədə Reuters məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Fransa və Almaniya Avropa İttifaqının strateji dizel ehtiyatlarının üçdə birindən çoxuna sahibdir. ABŞ tərəfi hesab edir ki, bu ehtiyatların bir hissəsinin bazara buraxılması hazırkı qiymət artımını zəiflədə bilər. Vaşinqton eyni zamanda Avropa ölkələrinin əvvəlki beynəlxalq öhdəliklər çərçivəsində kifayət qədər ehtiyat açmadığını bildirir.
ABŞ Prezidenti Donald Tramp da Avropadan dizel ehtiyatlarının buraxılmasının tələb oluna biləcəyini istisna etməyib. O, jurnalistlərə bildirib ki, Avropanın müəyyən həcmdə dizel ehtiyatı var və qiymətlərin artıq aşağı düşməyə başladığını düşünür.
Avropa ölkələri üçün əsas dilemma daxili yanacaq qiymətlərini azaltmaqla strateji ehtiyatları qorumaq arasında balans yaratmaqdır. ABŞ-İran qarşıdurmasının yenidən kəskinləşməsi, Yaxın Şərqdən təchizatın pozulması və Rusiyanın yanacaq ixracına məhdudiyyətləri Avropada ehtiyatların sürətlə azalması riskini artırır.
The Times-ın məlumatına görə, Aİ və Böyük Britaniya rəsmilərinin ABŞ-ın tələbi ilə bağlı keçirdiyi fövqəladə məsləhətləşmələr ilkin mərhələdə nəticəsiz başa çatıb. Bəzi Avropa ölkələri Vaşinqtonun təzyiqinə boyun əymək istəmədiyini bildirir, digərləri isə ABŞ-la əlavə danışıqlara açıq olduqlarını qeyd edirlər.
