Mask: Neuralink kor insanlara görmə imkanı verə bilər

Mask: Neuralink kor insanlara görmə imkanı verə bilər

Aytac Dəniz · Media ·

İlon Mask Neuralink-in görmə qabiliyyətini bərpa etməyə yönəlmiş ilk implantlarını yaxın 6-12 ay ərzində insanlarda sınaqdan keçirməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, sistem gözləri və görmə sinirlərini keçərək birbaşa beynin görmə korteksinə siqnal ötürəcək. Bu barədə Mask son açıqlamalarında məlumat verib.

Redaksiya xəbər verir ki, Mask hətta anadangəlmə tam kor olan insanların da gələcəkdə bu texnologiya vasitəsilə müəyyən görmə qabiliyyəti əldə edə biləcəyini iddia edib. O bildirib ki, Neuralink-in Blindsight adlı sistemi ilkin mərhələdə aşağı ayırdetməli görüntü yaratsa da, texnologiyanın sonrakı versiyalarında keyfiyyətin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.

Maskın sözlərinə görə, uzunmüddətli məqsəd yalnız itirilmiş görmə qabiliyyətini bərpa etmək deyil, insanın təbii görmə imkanlarını genişləndirməkdir. O, gələcək implantların infraqırmızı və ultrabənövşəyi diapazonu, hətta radar məlumatlarını vizual qavrayışa çevirə biləcəyini bildirib.

Neuralink-in Blindsight layihəsi daha əvvəl ABŞ Qida və Dərman Administrasiyasının Breakthrough Device statusunu alıb. Lakin bu status cihazın effektivliyinin təsdiqləndiyi və ya istifadəyə tam icazə verildiyi anlamına gəlmir. Mütəxəssislər xüsusilə anadangəlmə kor insanlarda yüksək keyfiyyətli görmənin bərpasının hələ elmi və klinik baxımdan sübut edilmədiyini vurğulayırlar.

Mask Neuralink-in heyvanlar üzərində görmə implantı sınaqlarını artıq bir neçə ildir apardığını bildirib. Şirkətin insanlarda ilk görmə implantasiyasının dəqiq tarixi isə tənzimləyici icazələrdən və klinik hazırlıq prosesindən asılı olacaq.