Crew-13 kosmik uçuşları üzrə sürət rekordu qırıb

Crew-13 kosmik uçuşları üzrə sürət rekordu qırıb

Aytac Dəniz · Media ·

SpaceX şirkətinin Crew Dragon kosmik gəmisi NASA-nın Crew-13 missiyasının ekipajını Beynəlxalq Kosmik Stansiyasına uğurla çatdırıb. Gəmi Moskva vaxtı ilə saat 02:05-də stansiyanın Harmony moduluna birləşib. Uçuş 7 saat 55 dəqiqə davam edib və bu, BKS-in istismarı tarixində ABŞ kosmik gəmisi üçün buraxılışdan birləşməyədək ən qısa müddət olub. Bu barədə NASA məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Crew-13 heyətinə NASA astronavtı və missiyanın komandiri Cessika Uotkins, pilot Lyuk Delani, Kanada Kosmik Agentliyinin astronavtı Coşua Kutrik və Roskosmos kosmonavtı Sergey Teteryatnikov daxildir. Ekipaj stansiyada uzunmüddətli elmi missiyada iştirak edəcək.

Crew Dragon oktyabrın 1-də ABŞ-ın Florida ştatındakı Keyp-Kanaveral Kosmik Qüvvələr Bazasında yerləşən 40-cı buraxılış kompleksindən Falcon 9 raketi ilə orbitə çıxarılıb. Gəmi əvvəlcədən planlaşdırıldığı kimi avtomatik rejimdə BKS-ə yaxınlaşıb və stansiyaya birləşib.

Crew-13 missiyasının buraxılışı daha əvvəl təxirə salınmışdı. NASA avqustun sonunda Dragon gəmisinin hərəkət sistemində oksidləşdirici komponentlə bağlı sızma aşkarlandığını bildirmişdi. Texniki yoxlamalar və təmir işlərindən sonra missiyanın yeni buraxılış tarixi müəyyənləşdirilmişdi.

Crew-13 NASA-nın Commercial Crew proqramı çərçivəsində SpaceX tərəfindən həyata keçirilən 13-cü müntəzəm ekipaj rotasiyası missiyasıdır. Yeni ekipajın BKS-də elmi tədqiqatlar və texniki işlər apararaq 2027-ci ilədək orbitdə qalması nəzərdə tutulur.