ABŞ Energetika Nazirliyinin 51 yaşlı əməkdaşı Eşton Hamed Ellabudi husilərə maddi və texniki dəstək göstərməyə cəhd ittihamı ilə Vaşinqton ştatında saxlanılıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, o, pilotsuz uçuş aparatları və kustar partlayıcı qurğuların hazırlanmasında istifadə oluna bilən kimyəvi maddələr və komponentlər əldə edib. Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, istintaq materiallarına əsasən, Ellabudi 2025-ci ilin sentyabrında Omandan Yəmənə keçərək husilərin nəzarətində olan Səna şəhərinə getməyə çalışıb. O, səfər zamanı əvvəllər ABŞ Ordusunun Mühəndislər Korpusunda işləyərkən verilmiş rəsmi pasportdan istifadə edib. ABŞ-a qayıtdıqdan sonra isə sərhəd əməkdaşlarına səfərinin rəsmi dövlət işi ilə bağlı olduğunu bildirib, lakin rəhbərliyi onun həmin regiona ezam olunmadığını təsdiqləyib.
İstintaq zamanı Ellabudi özünü husilərlə əlaqəli şəxs kimi təqdim edən FBI məxfi əməkdaşı ilə ünsiyyət qurub. İttihama görə, elektrik mühəndisliyi üzrə biliklərindən istifadə edərək mobil rabitə mərkəzi üçün günəş enerjisi generatorlarının və kommunikasiya avadanlıqlarının sınaqdan keçirilməsi, dəyişdirilməsi və quraşdırılması ilə bağlı texniki məsləhətlər verib.
ABŞ Ədliyyə Nazirliyi bildirir ki, Ellabudi əvvəllər yüksək konsentrasiyalı azot turşusuna məruz qaldığını əsas gətirərək işdən xəstəlik məzuniyyəti də götürüb. Federal istintaq onun partlayıcı maddələr üçün ilkin kimyəvi komponentlər və dron hissələri alması barədə məlumat əldə etdikdən sonra başlayıb.
Ellabudi husilərə maddi dəstək göstərməyə cəhd ittihamı üzrə təqsirli bilinərsə, 20 ilədək həbs cəzası ala bilər. ABŞ Ədliyyə Nazirliyi vurğulayıb ki, hazırkı mərhələdə ona qarşı irəli sürülən ittihamlar məhkəmədə sübuta yetirilməyib və o, hökm çıxarılana qədər təqsirsiz hesab olunur.
