Türkiyənin hərbi ixracatı son beş ildə 3,5 dəfə artıb

Türkiyənin hərbi ixracatı son beş ildə 3,5 dəfə artıb

Sevinc Kərimova · Hərbi ·

Türkiyə qlobal silah ixracatçıları arasında sürətlə yüksələrək beş il ərzində hərbi satışlarını 2 milyard dollardan 7 milyard dollara çatdırıb.

Redaksiya The Economist-ə istinadla xəbər verir ki, bu artımın əsas səbəbləri arasında Baykar şirkətinin artıq 30-dan çox ölkəyə satılmış Bayraktar TB2 pilotsuz uçuş aparatları, Səudiyyə Ərəbistanı ilə imzalanmış 3 milyard dollarlıq “Akıncı” müqaviləsi və Leonardo şirkəti ilə həyata keçirilən birgə layihələr göstərilir.

Son dövrlərdə bağlanan kontraktlar sırasında Rumıniyaya 1 milyard dollara yaxın dəyəri olan 1059 “Cobra II” zirehli maşınının satışı, İspaniya ilə 1,6 milyard dollarlıq “Hürjet” döyüş təyyarəsi sazişi, həmçinin Portuqaliyaya dəniz platformalarının ixracı yer alır.

Türkiyə hazırda dünyada silah ixracatçıları arasında 11-ci pillədə qərarlaşıb və yaxın illərdə ilk beşliyə daxil olmağı hədəfləyir. Bu məqsədə çatmaq üçün ölkə “Altay” tanklarından “MİLGEM” hərbi gəmilərinə, həmçinin beşinci nəsil “Kaan” qırıcı təyyarəsinə qədər geniş məhsul portfelinə güvənir. Xüsusən “Kaan” təyyarəsi F-35-in daha ucuz alternativi kimi təqdim olunur və artıq İndoneziya, Azərbaycan, Səudiyyə Ərəbistanı və Pakistan kimi ölkələrin marağına səbəb olub.

Sevinc Kərimova