TasteAtlas platformasının 2025-ci ilin iyul ayı üçün tərtib etdiyi “Dünyanın 50 ən yaxşı soyuq deserti” siyahısında Türkiyənin ənənəvi Kahramanmaraş dondurması birinci yerə layiq görülüb.
Redaksiya xəbər verir ki, məşhur kulinariya bələdçisi sayılan TasteAtlas, dünya üzrə müxtəlif ölkələrin desertlərini dad, tekstura və populyarlıq meyarlarına əsaslanaraq qiymətləndirib. Maraqlısı odur ki, Türk dondurması (Dondurma) siyahının başında yer alaraq 4.5 ulduzla ən yüksək reytinqə sahib desertlərdən biri olub.
Türk dondurmasının özəlliyi ondadır ki, digər dondurmalardan fərqli olaraq salep və mastika ilə hazırlanır, bu isə ona uzana bilən, çeynənə bilən unikal tekstura verir. Ənənəvi üsullarla hazırlanması, maraqlı təqdimat tərzi və xüsusilə Kahramanmaraş bölgəsi ilə əlaqələndirilməsi onu fərqləndirən əsas xüsusiyyətlərdəndir.
Siyahıda digər ilk yerləri tutan desertlər isə bunlardır:
- 2-ci yer – Frozen Custard (ABŞ)
- 3-cü yer – Gelato al Pistacchio (İtaliya)
- 4-cü yer – Clotted Cream Ice Cream (Böyük Britaniya)
- 5-ci yer – Limber (Puerto Riko)
İtaliya isə siyahıda ümumi olaraq ən çox təmsil olunan ölkə olub və müxtəlif növ gelato ilə fərqlənib.
Bu nəticə Türk mətbəxinin dünya səviyyəsindəki nüfuzunun artdığını və ənənəvi dadların hələ də yüksək dəyərləndirildiyini bir daha təsdiqləyir.
Sevinc Kərimova
