“Bu, yeni sosial paketin anonsudur” - Pensiya artımında yeni qayda

“Bu, yeni sosial paketin anonsudur” - Pensiya artımında yeni qayda

Aytac Dəniz · Sosial ·

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin artırılacağını bəyan edib. Dövlət başçısı bununla bağlı göstərişin verildiyini bildirib.

Deputat Vüqar Bayramov artımla bağlı növbəti sosial paketin gələn ilin əvvəllərində reallaşacağını bildirib.

O qeyd edib ki, Azərbaycanda minimum əməkhaqqı artımları artıq mütəmadi xarakter alacaq:

“Dövlət başçısı tərəfindən 2026-cı ilin fevralında təsdiqlənən dəyişikliyə əsasən, 2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur.

Gələn ilin yanvarından bütün növ əmək pensiyalarının da indeksləşdirilərək artırılması nəzərdə tutulur. Bu, 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. İndeksləşdirmənin yeni müzakirə edilən dəyişikliklərə əsasən diferensial həyata keçiriləcəyi gözlənilir.

Dəyişikliyə əsasən, pensiya sistemində sosial haqlara əsaslanan modelin genişləndirilməsi nəzərdə tutulur. Mövcud qaydalara əsasən,  pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə indeksləşdirilir. Yenə də meyar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizidir. Amma bununla belə, diferensial yanaşma olacaq”.

“2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsaitin həcmi ümumi xərclərin 44 faizini təşkil edəcək. Bu o deməkdir ki, 18.5 milyard manatdan çox vəsait sosial sahəyə yönəldiləcək. Bu, yeni sosial paketin anonsudur”, - parlamentari qeyd edib.