Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı kateqoriyalardan olan şəxslərin mənzil və avtomobillə təminatı istiqamətində iş aparılır.
Maraqlıdır ki, mənzillər və avtomobillər kimlərə pulsuz verilir? Ümumiyyətlə pulsuz mənzil və avtomobillər neçə vətəndaşa təqdim olunub?
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailələri, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları mənzil və ya fərdi evlə təmin edilirlər.
Postmüharibə dövründə qeyd olunan kateqoriyalara aid şəxslərə 7 350-dən çox, ümumilikdə isə ötən dövr ərzində 16 mindən çox mənzil verilib.
Bununla yanaşı, xüsusi səbəblərdən əlilliyi müəyyən edilmiş şəxslər də Nazirlik tərəfindən minik avtomobili ilə təmin edilirlər. Bu kateqoriyaya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi, Çernobıl AES-də hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi, həmçinin Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər daxildir.
Qeyd olunan şəxslərə postmüharibə dövründə 586, ümumilikdə isə ötən dövr ərzində 7 700-dən çox avtomobil verilib. (baku.ws)

Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir?
Aytac Dəniz · Sosial ·