Trampın golf klubu yaxınlığına hava hücumundan müdafiə yerləşdirilib

Trampın golf klubu yaxınlığına hava hücumundan müdafiə yerləşdirilib

Yulduz Səlimov · Media ·

ABŞ Prezidenti Donald Tramp Nyu-Cersi ştatının Bedminster bölgəsindəki golf klubunda olduğu vaxt ən azı iki mülki təyyarənin müvəqqəti hava məkanı məhdudiyyətlərini pozduğu bildirilir. Təyyarələr NORAD-a məxsus F-16 qırıcıları tərəfindən ələ keçirilərək ərazidən uzaqlaşdırılıb.

Redaksiya xəbər verir ki, insidentdən sonra Trampın olduğu golf klubunun yaxınlığında əlavə hava hücumundan müdafiə tədbirləri görülüb. Əraziyə Avenger qısa mənzilli hava hücumundan müdafiə sistemi və Sentinel radarının yerləşdirildiyi bildirilib.

Avenger sistemi aşağı hündürlükdə uçan təyyarə, helikopter və pilotsuz uçuş aparatlarına qarşı nəzərdə tutulmuş mobil hava hücumundan müdafiə vasitəsidir. Sentinel radarı isə hava hədəflərinin aşkarlanması və izlənməsi üçün istifadə olunur.

Məlumata görə, əlavə sistemlərin yerləşdirilməsi Trampın olduğu ərazi ətrafında hava təhlükəsizliyinin gücləndirilməsi məqsədi daşıyıb. Hadisə zamanı mülki təyyarələrin qəsdən məhdudlaşdırılmış zonaya daxil olub-olmadığı barədə əlavə məlumat verilməyib.