Tramp Venesuela açıqlarında narkokartelə zərbə endirdi, Moskva etiraz etdi

Tramp Venesuela açıqlarında narkokartelə zərbə endirdi, Moskva etiraz etdi

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp Venesuela yaxınlığında dəniz qüvvələrinin gücləndirilməsi və narkotik qaçaqmalçılığı ilə məşğul olan kartel üzvlərinə zərbə endirilməsi barədə göstəriş verib. O bildirib ki, “Tren de Aragua” qruplaşmasının üzvləri beynəlxalq sularda ABŞ-a narkotik daşıyarkən hədəf alınıb və 11 nəfər zərərsizləşdirilib.

Redaksiya Newsweek-ə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Trampın addımını “regional təhlükəsizliyə təhdid” adlandırıb. Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxış edən Zaxarova Qərbin “müstəqil siyasət yürütmək istəyən dövlətlərə qarşı qəbuledilməz təzyiq göstərdiyini” deyib.

Məlumata görə, əməliyyat Tramp administrasiyasının narkotik ticarətinə qarşı sərt hərbi tədbirlər paketinin tərkib hissəsidir. ABŞ Müdafiə naziri Pit Hegset bildirib ki, prezident kartellərə qarşı “misilsiz hücum potensialı” toplayır.

ABŞ Venesuela ilə diplomatik əlaqələri kəsib, bu ölkəyə qarşı sanksiyalar tətbiq edib və Prezidenti Nikolas Maduronu “narko-terror kartelinin rəhbəri” kimi təqdim edir. Vaşinqton və bir sıra Qərb dövlətləri ötənilki seçkilərdən sonra Edmundo Qonzalesi Venesuelanın legitim lideri kimi tanıyıblar.

Senator Rik Skott isə Maduroya qarşı “Stop Maduro Act” adlı qanun layihəsinin təcili qəbulunu tələb edib. Layihəyə əsasən, Maduroya dair məlumat verənlər üçün mükafat məbləği 100 milyon dollara qədər artırıla bilər.

Ekspertlər hesab edir ki, ABŞ Venesuelaya quru əməliyyatı həyata keçirməyəcək, amma hərbi qüvvələrin bölgədə toplanması Maduroya qarşı siyasi təzyiqin gücləndirilməsi məqsədi daşıyır.