ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşü zamanı Ukrayna müharibəsinin “Tomahawk” raketləri göndərilmədən sona çatdırılmasının vacibliyini vurğulayıb.
Redaksiya xəbər verir ki, Tramp “Tomahawk” raketlərini “böyük güc” adlandıraraq, onların təhlükəli və eskalasiyaya səbəb ola biləcəyini qeyd edib. O, “ümid edirəm ki, Ukraynaya ‘Tomahawk’ lazım olmayacaq və biz bu müharibəni onlarsız bitirəcəyik” deyib.
Tramp Putinin sülh razılaşması əldə etmək istədiyini düşündüyünü bildirib, lakin bunun “Tomahawk” təhdidi ilə birbaşa bağlı olmadığını vurğulayıb. ABŞ lideri həmçinin ölkəsinin raket ehtiyatlarını tam saxlamağın öz vəzifəsi olduğunu deyib və Ukraynanın istehsal etdiyi dron texnologiyasını “çox yaxşı” adlandıraraq, bu sahədə əməkdaşlığa açıq olduqlarını qeyd edib.
