ABŞ Prezidenti Donald Tramp iş adamı Corc Sorosu və oğlunu hədəf alan sərt bəyanatlar səsləndirib.
Redaksiya xəbər verir ki, Tramp “Truth Social” üzərindən paylaşımında Soros və oğlunun ABŞ-ın müxtəlif şəhərlərində zorakı etirazları dəstəklədiyini iddia edib. O, onların təşkil olunmuş cinayətkarlıqla mübarizədə tətbiq olunan RICO qanunu çərçivəsində mühakimə olunmalı olduğunu bildirib.
Tramp çıxışında belə deyib: “Corc Soros və onun radikal solçu oğlu ABŞ-ın dörd bir yanında zorakı etirazları dəstəklədikləri üçün RICO qanunu ilə mühakimə olunmalıdırlar. Bu dəlililərin Amerikanı daha çox parçalamağına icazə verməyəcəyik.”
Prezident əlavə edib ki, Soros və tərəfdarlarının ölkədə sərbəst hərəkət etməsinə son qoyulacaq:
“Soros və onun psixopat dəstəsi ölkəmizə böyük zərər vurdu! Buna Qərb sahilindəki çılğın dostları da daxildir. Diqqətli olun, sizi izləyirik.”
RICO (Racketeer Influenced and Corrupt Organizations Act) qanunu ABŞ-da təşkil olunmuş cinayətkarlıqla mübarizə üçün tətbiq edilən federal hüquqi mexanizmdir.
Trampın bəyanatı seçkilər öncəsi diqqət çəkib. Çünki Corc Soros Demokrat Partiyasının əsas donorlarından biri hesab olunur və bu açıqlamalar ABŞ-da onun siyasi təsiri ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.
Sevinc Kərimova
