ABŞ ilə Ukrayna arasında münasibətlər Prezident Donald Trampın Volodimir Zelenskiyə qarşı sərt açıqlamalarından sonra yenidən ciddi şəkildə gərginləşib. İki ölkə arasındakı münasibətlərin 2025-ci ilin fevralında Ağ Evdə yaşanan qalmaqaldan sonrakı səviyyəyə qayıtdığı bildirilir. Bu barədə Almaniyanın Frankfurter Allgemeine Zeitung (FAZ) nəşri məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, nəşrin təhlilinə əsasən, Trampın Ukraynada prezident seçkilərinin keçirilməsini tələb etməsi və ölkənin yeni liderə ehtiyacı olduğunu bildirməsi Vaşinqtonla Kiyev arasındakı fikir ayrılıqlarını daha da dərinləşdirib. ABŞ prezidentinin son bəyanatları 2025-ci ilin fevralında Ağ Evdə Zelenski ilə baş vermiş gərgin görüşü yenidən gündəmə gətirib.
Nəşrin qiymətləndirməsinə görə, Tramp hazırkı şəraitdə Ukrayna prezidenti ilə münasibətləri qorumaqdansa, Rusiya ilə razılaşmaların əldə edilməsinə daha çox üstünlük verir. Bu yanaşma ABŞ-də enerji qiymətlərinin yüksək olması və Respublikaçılar Partiyasının Konqresə keçiriləcək aralıq seçkilərdə üzləşə biləcəyi siyasi çətinliklərlə əlaqələndirilir.
Məlumata görə, Tramp administrasiyası enerji bazarındakı vəziyyəti sabitləşdirmək məqsədilə Rusiya ilə iqtisadi əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Oktyabrın 9-da ABŞ Maliyyə Nazirliyi Rusiya mənşəli dizel yanacağının satışı, daşınması və idxalı ilə bağlı müəyyən əməliyyatları müvəqqəti olaraq sanksiyalardan azad edib. Qərar 2027-ci il aprelin 7-dək qüvvədə olacaq.
Bu addım Vaşinqtonun Rusiya ilə münasibətlərində yeni müzakirələrə səbəb olub. ABŞ administrasiyası məhdudiyyətlərin yumşaldılmasını enerji qiymətlərinin aşağı salınması zərurəti ilə əlaqələndirir. Ukrayna rəhbərliyi isə Rusiya enerji məhsullarının satışından əldə edilən gəlirlərin Moskvanın hərbi əməliyyatlarını maliyyələşdirməsinə imkan yarada biləcəyini bildirir.
Trampın Ukraynada rəhbərliyin dəyişdirilməsi ilə bağlı çağırışı da Kiyevdə narazılıq doğurub. Ukrayna rəsmiləri ölkənin siyasi rəhbərliyinin müəyyən edilməsinin yalnız Ukrayna xalqının səlahiyyətində olduğunu vurğulayıblar.
