Hindistanda “Tarakanlar Partiyası”nın lideri azadlığa buraxılıb

Hindistanda “Tarakanlar Partiyası”nın lideri azadlığa buraxılıb

Nizami Salmanov · Media ·

Hindistanda “Tarakanlar Partiyası” kimi tanınan etiraz hərəkatının lideri Abhicit Dipke oktyabrın 11-də iki digər rəhbər şəxslə birlikdə saxlanıldıqdan sonra azadlığa buraxılıb. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Abhicit Dipke oktyabrın 10-da paytaxt Yeni Dehlidə keçiriləcək etiraz aksiyalarına qatılmaq üçün şəhərə gəldiyi zaman hava limanında polis tərəfindən saxlanılıb. Onunla birlikdə hərəkatın daha iki yüksəkvəzifəli nümayəndəsi də saxlanılıb. Buna baxmayaraq, minlərlə nümayişçi küçələrə çıxaraq genişmiqyaslı etiraz aksiyaları keçirib.

Etirazçıların əsas tələbi Hindistanın baş seçki komissarı Qyaneş Kumarın istefasıdır. Müxalifət və hərəkat fəalları onu seçici siyahılarının yenilənməsi prosesində qanun pozuntularına yol verməkdə ittiham edirlər. İddialara görə, təxminən 130 milyon seçicinin adı ilkin siyahılardan çıxarılıb. Hindistanın Seçki Komissiyası isə siyahıların yoxlanılması prosesini müdafiə edərək əsassız şəkildə çıxarılan seçicilərin yenidən qeydiyyatdan keçə biləcəyini bildirib.

Oktyabrın 10-da paytaxtda keçirilən aksiyalar zamanı polis 2 mindən çox nümayişçini saxlayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində şəhərin bəzi ərazilərində mobil internetə məhdudiyyət qoyulub, bir sıra metro stansiyaları və bazarlar bağlanıb. Etirazların qarşısını almaq üçün minlərlə polis və hərbiləşdirilmiş təhlükəsizlik qüvvəsi səfərbər edilib.

“Tarakanlar Partiyası” Hindistan Ali Məhkəməsinin sədri Surya Kantın işsiz gəncləri tarakanlara bənzətməsindən sonra yaranmış satirik siyasi hərəkatdır. Abhicit Dipkenin sosial şəbəkədə bu açıqlamaya verdiyi cavab geniş yayılıb və sonradan ölkə miqyasında etiraz hərəkatının formalaşmasına səbəb olub.

Qısa müddətdə sosial şəbəkələrdə milyonlarla tərəfdar toplayan hərəkat müxalif siyasətçilərin, tələbələrin və ictimai fəalların dəstəyini qazanıb. Təşkilat əsasən gənclər arasında işsizlik, təhsil sistemindəki problemlər və seçki prosesinin şəffaflığı ilə bağlı tələblərlə çıxış edir.