İlon Mask Ukraynada hakimiyyətin dəyişdirilməsinə çağırış etdi

İlon Mask Ukraynada hakimiyyətin dəyişdirilməsinə çağırış etdi

Könül Məmmədova · Media ·

Amerikalı milyarder və iş adamı İlon Mask Ukraynada hakimiyyətin dəyişdirilməsinin vacibliyini bildirib. O, ABŞ Prezidenti Donald Trampın Ukrayna rəhbərliyinin dəyişdirilməsi ilə bağlı çağırışını dəstəkləyib.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Mask bu barədə X sosial şəbəkəsində paylaşım edib. Milyarder Trampın Ukraynanın sülh razılaşmasına nail olmaq üçün yeni rəhbərə ehtiyacı olduğu barədə fikirləri ilə razılaşdığını bildirib.

“Razıyam. Ukraynanın yeni lider tapmasının vaxtı çatıb”, - deyə Mask yazıb.

Oktyabrın 10-da ABŞ Prezidenti Donald Tramp da Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edərək Kiyevə ölkə rəhbərliyini dəyişməyi tövsiyə edib.

Trampın sözlərinə görə, Zelenskinin Rusiya ilə münaqişənin nizamlanması üçün dəfələrlə razılaşma əldə etmək imkanı olub, lakin Ukrayna lideri bu fürsətlərdən istifadə etməyib.

ABŞ prezidenti Ukraynaya sülh razılaşması əldə edə biləcək yeni lider seçməyi məsləhət görüb. O, Zelenskini təkcə müharibənin həlli istiqamətində addım atmamaqda deyil, həm də dünyada əlavə problemlər yaratmaqda ittiham edib.

“Zelenski bütün dünya üçün problemlər yaratmaq istəyir”, - deyə Tramp bildirib.

ABŞ liderinin bu açıqlamaları Vaşinqtonla Kiyev arasında Rusiya ilə mümkün sülh razılaşması və enerji məsələləri ətrafında fikir ayrılıqlarının davam etdiyi bir vaxtda səsləndirilib.