ABŞ prezidenti Donald Tramp Kubanı razılaşma bağlamağa çağıraraq, əks halda nəticələrlə üzləşəcəyini bildirib və Venesueladan gələn neft və maliyyə axınının dayandırılacağını bəyan edib. O, Kubaya yönəlik bu çağırışın məzmununu açıqlamadan, mümkün tədbirlərin sərt ola biləcəyini vurğulayıb.
Redaksiya BBC News-a istinadla xəbər verir ki, ABŞ rəhbərliyi diqqətini Kubaya ABŞ qüvvələrinin paytaxtda keçirdiyi əməliyyat zamanı Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsindən sonra yönəldib. Venesuela uzun illərdir Kubanın müttəfiqi sayılır və adaya gündə təxminən 35 min barel neft göndərdiyi bildirilir.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp bu tədarükün dayandırılacağını açıqlasa da, razılaşmanın şərtlərini və Kubanı gözləyən konkret nəticələri açıqlamayıb. Kuba hökuməti hələlik bu bəyanata rəsmi cavab verməyib.
Bununla yanaşı, Kuba prezidenti Migel Dias-Kanel daha əvvəl Venesuelada həlak olan kubalı döyüşçülərin xatirəsinin yad ediləcəyini bildirərək, onları “imperiya geyimində olan terrorçulara qarşı mübarizə aparan cəsur insanlar” kimi qiymətləndirmişdi.
