Tramp Fed İdarə Heyəti üzvü Lisa Kukun vəzifəsinə xitam verdi

Tramp Fed İdarə Heyəti üzvü Lisa Kukun vəzifəsinə xitam verdi

Sevinc Kərimova · Siyasət ·

ABŞ-ın hazırkı prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin (Fed) İdarə Heyəti üzvü Lisa Kuku vəzifəsindən azad edib. Tramp bu qərarı Kukun iki ipoteka sənədində “yanlış məlumat verdiyi” iddiası ilə əsaslandırıb.

Redaksiya xəbər verir ki, Tramp Kukun iki fərqli daşınmaz əmlak üçün cəmi iki həftə aralıqla təqdim etdiyi ipoteka sənədlərində hər iki evi “əsas yaşayış yeri” kimi göstərdiyini bildirib. Prezidentin məktubunda “İkinci öhdəliyinizi götürərkən birincidən xəbərsiz olmağınız mümkün deyil. Hər ikisini də yerinə yetirməyi planlaşdırmağınız isə qeyri-mümkündür” ifadələri yer alıb.

Tramp açıqlamasında Fed-in ölkənin pul siyasətini müəyyən edən və bank sisteminə nəzarət edən ən vacib qurum olduğunu vurğulayaraq, “Amerika xalqı Fed üzvlərinin dürüstlüyünə tam etibar etməlidir. Sizin maliyyə əməliyyatlarınızdakı potensial cinayət xarakterli davranışınız bu etimadı sarsıtdı” deyib.

Lisa Kuk isə ittihamları rədd edib. O, daha əvvəl istefa çağırışlarını qəbul etməmiş, iddiaların Fed-ə qoşulmasından dörd il əvvəl verilmiş ipoteka müraciətinə əsaslandığını bildirmişdi. Bloomberg-in məlumatına görə, Federal Mənzil Maliyyəsi Agentliyinin direktoru Bill Pulte Kuk barəsində araşdırma aparılmasını tələb edib, Tramp isə sosial mediada “Kuk dərhal istefa etməlidir” çağırışı etmişdi.

Mütəxəssislər hesab edirlər ki, bu qərar Fed-in etibarlılığını qorumaq məqsədi daşısa da, qurum daxilində yeni müzakirələrə və siyasi gərginliklərə səbəb olacaq.

Sevinc Kərimova