Tramp BMT-dəki nitqində qlobal məsələlər və ABŞ siyasəti barədə danışdı

Tramp BMT-dəki nitqində qlobal məsələlər və ABŞ siyasəti barədə danışdı

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxış edərək geniş mövzulara toxunub. O, nitqinin əvvəlində teleprompterin işləmədiyini bildirib və “onsuz da çıxış etməyə hazıram” sözləri ilə zalda reaksiyalara səbəb olub.

Redaksiya xəbər verir ki, Tramp çıxışında ABŞ-ın iqtisadiyyatı, sərhədləri, ordusu və beynəlxalq əlaqələrinin ən güclü dövrünü yaşadığını iddia edərək bunu “Amerikanın qızıl çağı” adlandırıb. O, investisiyalar, cənub sərhədindəki vəziyyət, immiqrasiya və beynəlxalq münaqişələrin həlli ilə bağlı öz fəaliyyətini vurğulayıb. Tramp “yeddi ayda yeddi müharibəni bitirdiyini” bildirərək Azərbaycan və Ermənistan da daxil olmaqla bir sıra münaqişələrin adını çəkib.

Tramp BMT-ni effektli olmamaqda ittiham edərək, təşkilatın yalnız “boş sözlərlə dolu məktublar” yazdığını deyib. O, İranın nüvə proqramına qarşı sərt mövqeyini, Qəzzada atəşkəs axtarışlarını və girovların azad olunmasının vacibliyini qeyd edib. Fələstin dövlətinin tanınmasını isə “7 oktyabr hadisələrinə mükafat” kimi dəyərləndirib.

Prezident həmçinin Ukrayna müharibəsinə toxunaraq, Rusiyanın gözlənilən qələbəni əldə etmədiyini və NATO ölkələrinin Rusiyadan enerji almasını tənqid etdiyini bildirib. Lazım gələrsə Rusiyaya qarşı yüksək tariflər tətbiq etməyə hazır olduqlarını vurğulayıb.

Enerji və iqlim məsələlərində Tramp BMT və Qərbin siyasətini sərt tənqid edərək bərpa olunan enerjini “bahalı və zəif” adlandırıb, Almaniyanın yaşıl enerji siyasətini iflas kimi qiymətləndirib. İqlim dəyişikliyi ilə bağlı isə “ən böyük fırıldaq” ifadəsini işlədib.

O, Venesuela ilə bağlı narkotik şəbəkələrinin hədəfə alındığını, Braziliya Prezidenti Lula ilə görüşəcəyini, həmçinin dünyada ən çox təqib olunan dinin xristianlıq olduğunu müdafiə etdiyini bəyan edib.

Tramp çıxışını “ABŞ hər bir millətə daha təhlükəsiz və firavan gələcək üçün liderlik təklif edir” sözləri ilə tamamlayıb.