Tramp: Atəşkəs hələ də qüvvədədir

Tramp: Atəşkəs hələ də qüvvədədir

Sevinc Kərimova · Media ·

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Truxtun, USS Mason və USS Rafael Peralta esminesləri Hörmüz boğazından keçərkən İran qüvvələrinin hücumuna məruz qalıb.

Redaksiya CBS News və ABC News-a istinadla xəbər verir ki, İran tərəfi ABŞ gəmilərinə raketlər, pilotsuz uçuş aparatları və sürətli hücum qayıqları ilə zərbələr endirməyə çalışıb.

ABŞ rəsmilərinin məlumatına görə, hücum nəticəsində Amerika gəmilərinə zərər dəyməyib və ABŞ hərbçiləri arasında itki olmayıb. Təhdidlər dəniz topları, helikopterlər və hava dəstəyi ilə zərərsizləşdirilib.

CENTCOM bildirib ki, ABŞ qüvvələri cavab olaraq İranın hücumlara cavabdeh hərbi obyektlərini, o cümlədən raket və dron buraxılış məntəqələrini, komanda-idarəetmə mərkəzlərini və kəşfiyyat-müşahidə postlarını hədəfə alıb.

ABŞ Prezidenti Donald Tramp İran hədəflərinə endirilən son zərbələri “kiçik toxunuş” adlandırıb. O, atəşkəsin pozulmadığını və hələ də qüvvədə olduğunu bildirib.

Tramp Truth Social hesabında ABŞ esmineslərinin Hörmüz boğazından uğurla çıxdığını, İran hücumçularına isə ciddi zərər vurulduğunu yazıb. Onun sözlərinə görə, raketlər və dronlar məhv edilib, bir sıra kiçik qayıqlar isə batırılıb.

ABŞ lideri İranı nüvə silahı əldə etməyə çalışmaqda ittiham edib və Tehranı razılaşmanı tezliklə imzalamağa çağırıb. Tramp həmçinin ABŞ esmineslərinin bundan sonra bölgədəki dəniz blokadasına yenidən qoşulacağını bildirib.