Süzan Dell “Trump Accounts” proqramını uşaqlara təqdim edib

Süzan Dell “Trump Accounts” proqramını uşaqlara təqdim edib

Aytac Dəniz · Media ·

Dell Technologies şirkətinin baş direktoru Maykl Dellin həyat yoldaşı Süzan Dell ABŞ-da uşaqlar üçün yaradılan “Trump Accounts” investisiya proqramının təqdimatında çıxış edərək ölkə üzrə uşaqlara müraciət edib. O bildirib ki, bu hesablar uşaqların gələcəyinə yatırım məqsədi daşıyır. Bu barədə Ağ Ev məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Süzan Dell “ölkə üzrə bütün uşaqlara deyirəm: bu hesablar sizin üçündür” sözlərini işlədib. O, uşaqları böyük xəyallar qurmağa çağıraraq onların gələcəkdə sahibkar, həkim, mühəndis və digər peşə sahibləri ola biləcəyini vurğulayıb.

Maykl və Süzan Dell ailəsi “Trump Accounts” proqramı çərçivəsində 25 milyon uşağın hesabına hər biri üçün 250 dollar olmaqla ümumilikdə 6,25 milyard dollar ayırıb. Bu vəsait əsasən müəyyən gəlir və yaş meyarlarına uyğun uşaqların investisiya hesablarına yönəldilir.

Proqram ABŞ-da 18 yaşdan aşağı, sosial təminat nömrəsi olan uşaqlar üçün investisiya hesablarının yaradılmasını nəzərdə tutur. 2025-ci il yanvarın 1-dən 2028-ci il dekabrın 31-dək doğulan uşaqlar üçün federal hökumət tərəfindən birdəfəlik 1000 dollarlıq ilkin vəsait də ayrılır.

Ağ Evin məlumatına görə, artıq ölkə üzrə təxminən 70 milyon belə hesab yaradılıb. Bununla belə, valideyn və ya qəyyum hesabı aktivləşdirməli və idarə etməlidir. Hesabdakı vəsait uşağın 18 yaşına çatmasına qədər investisiya şəklində saxlanılır.