FBI əməkdaşlarının məxfi məlumatlarını oğurlayan haker tutulub

FBI əməkdaşlarının məxfi məlumatlarını oğurlayan haker tutulub

Sevinc Kərimova · Media ·

ABŞ Federal Təhqiqat Bürosu ShinyHunters kiberqrupunun FBIJobs.gov portalına hücumunda iştirak etməkdə şübhəli bilinən Kanada vətəndaşını Pensilvaniyada həbs edib. Hücum nəticəsində minlərlə FBI əməkdaşının həssas şəxsi və peşə məlumatları ələ keçirilib. Bu barədə The New York Times məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, FBI həbs olunan şəxsin kimliyini və ona qarşı irəli sürülən konkret ittihamları hələ açıqlamayıb. Büro direktoru Keş Patel yalnız həmin şəxsin ShinyHunters qrupunun mümkün ortaqlarından biri olduğunu və son günlərdə bu şəbəkə ilə əlaqəli bir neçə həbsin həyata keçirildiyini bildirib.

Sızdırılan məlumatlar arasında FBI əməkdaşlarının adları, ev ünvanları, telefon nömrələri, sosial təminat nömrələri, ailə üzvləri barədə məlumatlar və həssas vəzifə təyinatları yer alıb. Bəzi sənədlərdə əks-kəşfiyyat, insan kəşfiyyatı və xarici dövlətlərlə bağlı məxfi iş təsvirlərinin də olduğu bildirilir.

Araşdırma zamanı hücumun üçüncü tərəf tərəfindən idarə olunan Oracle PeopleSoft platformasındakı boşluq vasitəsilə həyata keçirildiyi müəyyən edilib. FBI-nin açıqlamasına görə, platformanın təhlükəsizliyinə cavabdeh olan Accenture podratçısı Oracle tərəfindən əvvəlcədən yayımlanmış vacib təhlükəsizlik yeniləməsini quraşdırmayıb. Həmin podratçı sonradan layihədən uzaqlaşdırılıb.

ShinyHunters ötən ildən bəri 140-dan çox təşkilata hücum etməkdə və azı 70 milyon dollar həcmində şantaj ödənişi almaqda ittiham olunur. Qrup adətən bulud və üçüncü tərəf platformalarındakı zəif nöqtələrdən istifadə edərək məlumatları oğurlayır və onları yaymaqla hədələyir.

FBIJobs.gov insidenti isə xüsusilə ciddi təhlükəsizlik problemi hesab olunur, çünki sızdırılan məlumatlar xarici kəşfiyyat xidmətləri, cinayətkar qruplar və digər təhdid aktorları tərəfindən FBI əməkdaşlarının və ailələrinin müəyyənləşdirilməsi, təzyiqə məruz qoyulması və ya hədəfə alınması üçün istifadə oluna bilər.

FBI ShinyHunters şəbəkəsinin qalan üzvlərinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması üçün beynəlxalq tərəfdaşlarla əməliyyatların davam etdiyini bildirib.