ABŞ prezidenti Donald Tramp ölkənin Əmək Statistika Bürosunun rəhbəri Erika MakEntarferin vəzifədən azad edilməsinə göstəriş verib. Bu barədə The New York Times məlumat yayıb.
Prezidentin bu qərarı, MakEntarferin təqdim etdiyi və ABŞ-da əmək bazarının zəif göstəricilərini əks etdirən rəsmi məlumatlardan narazı qalmasından sonra verilib. Tramp, heç bir sübut təqdim etmədən, açıqlanan statistik məlumatları “saxtalaşdırılmış” adlandırıb və rəsmilərin “yanlış məlumat yaydıqlarını” bildirib.
Qəzet yazır ki, prezidentin qəzəbi statistikanın rəsmi rəqəmlərində əks olunan zəif məşğulluq göstəricilərinə yönəlib və Tramp bu nəticələrin siyasi məqsədlərlə manipulyasiya edildiyini iddia edir. Qeyd olunur ki, Erika MakEntarfer Senat tərəfindən təsdiqlənmiş və Əmək Nazirliyində aylıq əmək statistikasının hazırlanmasına cavabdeh şəxs idi.
Mövzunu şərh edən mütəxəssislər isə bu qərarın dövlət statistikasına ictimai inamı daha da zəiflədə biləcəyini vurğulayırlar.
“Bu, olduqca təəssüf doğuran bir hadisədir. Belə bir addım presedent yarada bilər – belə ki, istənilən neqativ məlumat, yalnız xoşagəlməz olduğu üçün, gələcəkdə də vəzifədən azadetmə üçün səbəb ola bilər”, – deyə Trampın birinci prezidentlik müddəti dövründə həmin büroya rəhbərlik etmiş Uilyam Biç bildirib.
Sevinc Kərimova
