ABŞ-da aparılan yeni bir tədqiqat, populyar musiqi albomlarının buraxılması ilə yol-nəqli hadisələrinin artması arasında maraqlı bir əlaqəni ortaya qoyub. 2022-ci ilin statistik məlumatlarına görə, ölkədə baş verən yol qəzalarının 8%-i sürücülərin diqqətinin yayınması nəticəsində baş vermişdir. Bu diqqətsizlik adətən mobil telefon zəngləri və ya mesajlaşma ilə əlaqələndirilsə də, yeni araşdırma musiqi dinləmənin də bu mənfi təsirə səbəb ola biləcəyi hipotezini irəli sürür.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Harvard Universitetindən olan tədqiqatçılar, sürücülərin diqqətinin yayındırılmasının digər səbəblərini araşdırmaq məqsədilə bu mövzuya yönəliblər. Onlar 2017-2022-ci illər arasında ən çox dinlənilən 10 albomu müəyyən edərək, bu albomların buraxılış tarixlərindən əvvəlki və sonrakı 10 gün ərzində baş verən ölümcül yol qəzalarının sayını müqayisə ediblər. Tədqiqatda Teylor Svift, Dreyk, Bed Banni, Kendrik Lamar, Harri Stayes, K. West və 21 Savage kimi sənətçilərin albomları nəzərdən keçirilib və məlumatların dəqiqliyini artırmaq üçün həftənin müxtəlif günləri, bayramlar və digər potensial təsir amilləri də nəzərə alınıb.
Araşdırmanın nəticələri göstərir ki, yeni albomların buraxıldığı günlərdə musiqi axın xidmətlərində dinlənmə sayı orta hesabla 43% artmışdır. Eyni dövrdə, ölümcül yol qəzalarının sayında isə 15,1% artım müşahidə olunmuşdur. Bu artım xüsusilə 40 yaşdan aşağı kişilər, ağ və ya Asiya mənşəli şəxslər arasında daha çox müşahidə edilmişdir. Təsirin daha güclü olduğu hallara tək sürücülər (sərnişinsiz), sərxoş olmayan sürücülər, aydın hava şəraiti və CarPlay ilə təchiz olunmuş avtomobillər daxildir. Tədqiqat müəllifləri, xüsusilə tək, sərxoş olmayan və aydın hava şəraitində yeni albom dinləyən sürücülərin risk altında ola biləcəyini qeyd edirlər.
Müəlliflər, albomların buraxılmasının qəzaların artmasına səbəb olduğu barədə yalnız ehtiyatlı fərziyyələr irəli sürürlər, çünki sürücülərin diqqətinin yayındırılmasının digər mexanizmləri barədə hələ də müşahidə olunan faktlar yoxdur. Bu səbəbdən, əldə edilən nəticələr empirik xarakter daşısa da, olduqca maraqlı hesab olunur.
