Google şirkəti Gemini süni intellekt sistemi üçün Personal Intelligence adlı yeni funksiyanı istifadəyə verib. Bu yenilik Google Photos və YouTube xidmətlərini Gemini-nin kontekstinə inteqrasiya edərək cavabların daha fərdiləşdirilmiş formada təqdim olunmasını nəzərdə tutur.
Redaksiya məlumat verir ki, sistem istifadəçinin suallarına cavab verərkən təkcə açıq məlumatlara deyil, fotoqalereyada saxlanılan şəkillərə də əsaslana bilir. Məsələn, avtomobil şinləri ilə bağlı sorğu zamanı Gemini avtomobilin şəkillərini analiz edərək uyğun texniki parametrləri təklif edir, hətta digər fotolardan istifadəçinin tez-tez hansı şəraitdə avtomobil idarə etdiyini müəyyənləşdirə bilir.
Yeni funksiyanın əsas fərqi yalnız məlumatlara çıxış deyil, həm də şəkillər arasında məna və əlaqələri müəyyən etmək bacarığıdır. Uzun illər ərzində toplanmış və geniş həcmli fotoarxiv bu baxımdan Gemini üçün zəngin kontekst yaradır və mövcud ekosistemin yeni texnologiya ilə birləşdirilməsinin nümunəsi kimi qiymətləndirilir.
Qeyd olunur ki, Personal Intelligence funksiyası hazırda standart olaraq deaktiv vəziyyətdədir və yalnız istifadəçinin razılığı ilə aktivləşdirilə bilər. Xidmət mərhələli şəkildə ABŞ abunəçiləri üçün əlçatan edilir və gələcəkdə səsli sorğularla yerli avtoservis kimi xidmətlərin bronlaşdırılması imkanlarının da əlavə olunacağı gözlənilir.
