Amazon-un qurucusu və Blue Origin şirkətinin sahibi Ceff Bezos ABŞ Prezidenti Donald Trampın “Artificial Intelligence” əvəzinə “Super İntellekt” ifadəsindən istifadə edilməsi təşəbbüsünə müsbət yanaşdığını bildirib. Bezos bu barədə Fox News-a müsahibəsində danışıb.
Redaksiya istinadla xəbər verir ki, aparıcı Bret Bayer Bezosdan Trampın istifadə etdiyi “Super İntellekt” ifadəsinə münasibətini soruşub. Bezos cavabında bu termini bəyəndiyini bildirib və “artificial” sözünün mənfi assosiasiyalar yaratdığını qeyd edib.
Bezos fikrini izah edərkən süni dadlandırıcı və süni ləzzət kimi ifadələri nümunə göstərib. Onun sözlərinə görə, “artificial” sözü çox vaxt “saxta” mənası yaradır və texnologiyanın imkanlarını düzgün ifadə etmir.
Bununla belə, Bezos “Artificial Intelligence” termininin artıq uzun illərdir geniş istifadə olunduğunu və insanların birdən-birə yalnız “Super İntellekt” deməyə keçməsinin çətin olacağını da etiraf edib.
Tramp administrasiyası son həftələrdə federal qurumlarda “Artificial Intelligence” əvəzinə “Super Intelligence” terminindən istifadənin genişləndirilməsini təşviq edir. Bezos isə bu yanaşmanın arxasındakı “artificial” sözündən uzaqlaşmaq istəyini başa düşdüyünü bildirib.
